Vergilər Nazirliyində 2015-ci il üçün 7 milyard 112 milyon manat vergi yığmaq nəzərdə tutulub. Nazirliyin topladığı gəlirlərin 30-32%-i istər dövlət, istərsə də beynəlxalq neft şirkətlərinin payına düşür. Cari ilin 11 ayının nəticələrinə görə isə bu rəqəm 28%-dir, yığılan vergilərin 72%-i qeyri-neft sektorunun payına düşür. Əgər neftin qiyməti kəskin aşağı düşərsə, bu halda yaranan itki 3-5% arasında olacaq.
Oxu.Az xəbər verir ki, bu sözləri Vergilər nazirinin birinci müavini Natiq Əmirov bu gün təşkil edilən mətbuat konfransında deyib.
N.Əmirov deyib ki, ötən illərin təcrübəsi 2016-cı ildə də tətbiq ediləcək:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra, ilk dəfə olaraq neft şirkətlərinin ödəyə bilmədiyi vergi öhdəlikləri ölkənin daxili imkanları, yəni qeyri-neft sektorunun inkişafının imkanları hesabına ödənildi. Qeyri-neft sektorunun inkişafından əldə edilən vergilər, neft şirkətlərinin ödəmədiyi vergiləri üstələdi. Nəticədə biz büdcə itkisinə məruz qalmadıq.
Bu siyasət təbii ki, 2016-cı ildə də davam edəcək. 2016-cı ildə neftin qiyməti büdcədə nəzərdə tutulduğundan aşağı olacaqsa, buna uyğun olaraq büdcə gəlirlərinin də azalması ilə nəticələnəcək. Bununla belə, hökumət qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir.
Amma gözlənilməz bir düşüş yaranarsa və yaxud belə bir itki yarana bilərsə, hansı ki bizim büdcə haqqında qanunla bu məsələ tənzimlənir, büdcə azalması baş verərsə, büdcəyə yenidən baxılması ilə gəlirlərimizi və xərclərimizi buna uyğunlaşdıra bilərik.
Neftin qiymətinə bu gün proqnoz vermək çətindir. Qiymət heç bir iqtisadi hesablamalara, iqtisadi biliklərə tabe olmur, ona görə də gözləməkdən başqa fikir bildirmək olmaz”.
Ülviyyə R. Əli
www.oxu.az