Avropalılar “Türk axını” üzrə danışıqların məqsədəuyğun olması haqqında fikirləşməyə başlayıblar. Aİ-də rəylər müxtəlifdir, lakin ölkələrin bir hissəsi artıq layihəyə maraq göstərməyə başlayıb.
Oxu.Az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib.
“Təbii ki, “Cənub axını”ndan qaz almağa ümid bəsləyən ölkələr, yəni Cənub-Şərqi Avropa ölkələri ilk növbədə vəziyyətdən necə çıxmaq barədə düşünürlər. Deyək ki, “Türk axını”na qoşulsalar, Yunanıstandan boru kəmərləri daha sonra hara gedəcəklər?”, - deyə, o, bildirib.
Bununla yanaşı, Çijov vurğulayıb ki, bundan əvvəl Rusiya ilə “Cənub axını”nın çəkilişi haqqında bağlanmış razılaşmalardan imtina edən Bolqarıstan indiyədək “öz prioritetlərini müəyyənləşdirə bilmir”.
Diplomatın sözlərinə görə, Sofiya itkilərini Transanadolu qaz kəməri – TANAP vasitəsilə Türkiyədən alacağı Azərbaycan qazının hesabına kompensasiya etmək istəyir. Lakin bu layihənin rentabelliyi şübhə doğurur, Çijov düşünür.
“Bu qaz kəməri Azərbaycandan başlayaraq Gürcüstandan, daha sonra Türkiyədən keçməli və Avropayadək çəkilməlidir ki, bu da, Bosfor boğazının dibi ilə boru kəmərinin inşasını nəzərdə tutur. Bu, texniki baxımdan çox çətindir. Maliyyə baxımından isə çox baha”.
Digər bir layihə - Transadriatik (TAP) boru kəməri layihəsi də var. Həmin layihəyə görə, boru kəməri Adriatik dənizinin dibi ilə Yunanıstandan Avropaya, daha sonra isə şimala tərəf istiqamətlənməlidir. TAP layihəsi “Türk axını” ilə birləşdirilərsə, o, həyata keçirilə bilər, - deyə, Çijov vurğulayıb.