İnvestisiya Holdinqinin yaradılmasında əsas məqsədlərdən biri dövlət müəssisələrində korporativ idarəetmənin formalaşmasına nail olmaqdır.
Bu sözləri Oxu.Az-a millət vəkili Vüqar Bayramov deyib.
Deputatın fikrincə, holdinqin yaradılması banklar və digər dövlət sektorlarında şəffaflığın və səmərəliyin artırılması üçün lazımdır:
“Nəzərə alsaq ki, kommersiya banklarının bu gün real sektoru maliyyələşdirməkdə çətinliklərindən biri özəl və dövlət müəssisələrinin korporativ idarəetmədən və şəffaf maliyyə proqramlarının istifadə olunmamasıdır. Əgər dövlət müəssisələrində korporativ idarəetmə formalaşarsa, vəsaitlərin hərəkətini izləmək mümkün olarsa, bu halda kommersiya banklarının da həmin sektorlara kredit vermə imkanları artacaq. Bu gün dövlət müəssisələrinin əksəriyyəti həmin bankların müştəriləridir. Bu baxımdan bank sektorunun kreditləşmə və maliyyələşmə sahəsində xidmətinin artırılması üçün korporativ idarəetmə gərəklidir.
Burada beynəlxalq təcrübəyə istinad olunacaq ki, bu da bank sektorlarına birbaşa təsir göstərmiş olacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda bildirilib ki, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir.