Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb - FOTO
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti - “Bakı Gəmiqayırma Zavodu” MMC-nin inşa etdiyi “Zəngilan” tankeri suya salınıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerin - “Zəngilan” gəmisinin suya salınmasına həsr olunmuş tədbir keçirilib.
İZİA-nın İdarə Həyətinin sədri Elşad Nuriyev tədbir zamanı bildirib ki, gəminin gövdə hissəsi 100% inşa edilib:
“Qalan tamamlanma işləri Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə tanker zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birlikdə hazırlanıb. “Volqa-Don MAX” sinfinə uyğun gələn bu gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imkanına malikdir”.
O qeyd edib ki, tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir:
“15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8 009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kVt gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib”.
Elşad Nuriyevin sözlərinə görə, zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq:
“Yeni nəsil “Zəngilan” tankerinin xarici sularda istismarı nəzərdə tutulur. Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir”.
O sonda qeyd edib ki, 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan gəmi olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismardadır.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları barədə İCMAL hazırlandı
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib