Nəqliyyat naziri Ziya Məmmədov Latviyanın nəqliyyat naziri Anriys Matissin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az-ın Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Ziya Məmmədov görüşdə son illər Azərbaycanın inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan-Latviya ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, görülən işlərdən, həyata keçirilən iri regional layihələrdən danışıb.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın sədri Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən Nəqliyyat naziri bu istiqamətdə Latviya Respublikası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Latviyanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan Anriys Matiss Latviya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu xatırladıb.
Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb.