Türkiyənin İstanbul şəhərində yerləşən Çırağan Sarayında Xəzər Strateji İnstitutu tərəfindən 3-cü Xəzər Forumu keçirilib.
Oxu.Az xəbər verir ki, forumda Türkiyənin dövlət və hökumət rəsmiləri, o cümlədən bu ölkənin gömrük və ticarət naziri Hayati Yazıcı, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, nəqliyyat, dənizçilik və informasiya naziri Binəli Yıldırım və Gürcüstanın xarici işlər nazirinin müavini Zviad Kvatchantiradze ilə yanaşı, Azərbaycanın Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, nəqliyyat naziri Ziya Məmmədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, bir qrup millət vəkili, çoxlu sayda xarici ekspert və media nümayəndəsi iştirak ediblər.
Forumun açılışında çıxış edən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş tədbirlə bağlı məlumat verib.
H.Yavaş İstanbulda birinci Xəzər forumunun keçirildiyini xatırladıb, bu il keçirilən forumun məqsədinin regionun enerji təhlükəsizliyinin müzakirə edilməsi olduğunu vurğulayıb.
Forumda Azərbaycanın həyata keçirdiyi enerji layihələrindən, xüsusilə sonuncu TANAP layihəsindən danışılıb və Azərbaycanın regionun enerji təhlükəsizliyində xüsusi rolunun olması vurğulanıb.
Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensialını öyrənmək, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır. Forum bütün dünya birliyində akademik, siyasət və iş dünyasının təmsilçilərini bir araya gətirir.