Krasnoyarskda məhkəmə əslən Azərbaycandan olan, heroin və digər narkotik maddələrin böyük həcmdə partiyalarını Özbəkistandan tədarük etməkdə təqsirli bilinən şəxsə dair hökm çıxarıb, newslab.ru vilayət üzrə Federal Təhlükəsizlik Xidməti İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Oxu.Az xəbər verir ki, kişi 2015-ci ilin martında saxlanılıb, onu Krasnoyarsk vilayətinin Oktyabrsk rayonunun Qaraj massivində gizlətdiyi narkotikləri çıxararkən yaxalayıblar.
Gizli yerdən bağlamalarda 10 kq heroin və 3 kq həşiş aşkar edilib. Müəyyən edilib ki, saxlanılan şəxs Krasnoyarskda narkotikləri topdan satmaq niyyətində olub. “Qara bazarda” o bu partiya üçün 40 milyon rubl (612000 dollar) qazana bilərdi.
Kişiyə qarşı cinayət işi açılıb. Noyabrın 16-da məhkəmə onu təqsirli bilərək 11 il azadlıqdan məhrumetmə cəzası verib.
Əlavə edək ki, narkotik satıcısı daha öncə məhkumluq həyatı yaşayıb.