“Sankt-Peterburqskie vedomosti” qəzeti azərbaycanlıların daxil olduğu cinayətkar qrup haqqında məqalə dərc edib.
Oxu.Az öz oxucularına həmin məqalə ilə tanış olmağı təklif edir:
... “Sakit, İstintaq Komitəsi işləyir!” – forma geyinmiş kişi tərəfindən deyilən bu sözlər təbii ki, istənilən şəxsi yerində dondura bilər. Hələ bu kişinin yanında üstəlik əli silahlı, üzü maskalı, xüsusi təyinatlı dəstənin qara geyimi olan enli kürək döyüşçülər də durarsa, heç kimin ağlına gəlməz ki, bu adamlar cinayətkar ola bilərlər. Bu tamaşanı oynayanlar da elə buna ümid edirdilər. Bu insanlar cəzasız qalacaqlarına inanırdılar. Buna baxmayaraq onlar bu gün həbsxanadadırlar və gözəl həyatdan kənar qalacaqlar.
Dubaydan hədiyyə.
2013-cü ilin sentyabrında Pitercinayət axtarış ORÇ-5 (Mütəşəkkil cinayətkarlıq ilə mübarizə bölməsi) əməliyyatçıları qarşısına Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı – Zamiq Vahid oğlu Məhəmmədli və Elçin Elman oğlu Verdiyev çıxıb.
Məhəmmədli çantanı alaraq küçəyə çıxır və bu zaman onun arxasında əyləclərini sürətlə basaraq tünd rəngli şüşələri olan qara mikroavtobus dayanır. Mikroavtobusdan xüsusi təyinatlı geyimdə olan adamlar və göy rəngli prokuror formalı bir nəfər düşür. Məhəmmədlinin ayağını yerdən üzürlər, üzüstə asfalta yıxaraq qolunu qandallayırlar. Məhəmmədlini avtobusa oturtduqdan sonra, avtomobil yerindən götürülür.
Yolda əsirin üst-başını axtarırlar, üzərində olan pulu, sənədləri və mobil telefonu alırlar, sonra isə Şurşar rayonunda düz yolun ortasında avtomobildən düşürürlər. Təbii ki, artıq çantasız.
Parkingdə qalan Verdiyev Məhəmmədlinin oğurlanmasını görmür və bu səbəbdən ona zəng etməyə başlayır, cavab isə gəlmirdi. Tezliklə təsadüfi yoldan keçəndən aldığı telefondan Məhəmmədli özü ona zəng edir...
Bu söhbətdə bir çox şey şübhə çəkirdi. İlk olaraq şikayət edənlərin şəxsiyyəti. Geyilmiş geyim və ayaqqabıda olan bu insanlar heç də milyon dollar xərcləməyə hazırlaşan insanlara oxşamırdılar. Bir də ki, axı onlar nəyə görə polisə elə həmin an müraciət etməyiblər? Nəyə görə iki həftə gözləyiblər? Bəlkə səbəb aeroportda quraşdırılmış polis müşahidə kameralarında bu müddətdən sonra yazıların saxlanılmadığı və artıq onların sözlərini kimsənin təsdiq edə bilməyəcəyi idi?
Bundan başqa, onlar çox qarışıq ifadələr verirdilər – məsələn, görüşə getdikləri adamların mobil telefonlarını “xatırlamırdılar”. Eləcə də Ərəb Əmirliyindən olan pul sahibinin adını deməkdən imtina ediblər. Bunun qurma bir iş olduğuna şübhə yaranırdı.
Əməliyyatçılar müəyyən ediblər ki, bu pullar Peterburq tərəvəz bazalarından birinin sahibinə məxsusdur. Dubay vasitəsilə o, “qara pulları” yuyurdu. Amma bundan başqa heç nə aydınlaşdırmaq mümkün olmayıb. Əməliyyatçılardan yoxlama materiallarını alıblar... Hüquq-mühafizəçilərində bu vəziyyət tez-tez yaranır, belə ki, gözəl işin üstünü açıb və bunun üçün mükafat almaq hamının arzusudur.
Gürzlə şüşəyə zərbə.
2014-cü ilin iyulun 15-də artıq yeni “Pulkovo” aeroportuna Dubaydan pul ilə yenidən kuryer gəlir. Bu dəfə onu iki şübhəli azərbaycanlı deyil, zirehli maşında mühafizə şirkətinin əməkdaşları qarşılayır. Maşın sərnişinləri qarşılayanlar üçün nəzərdə tutulan pandusa daxil olur, sürücü sükan arxasında qalır, onun iki həmkarı isə zala daxil olurlar. Bu dəfə kuryer mühafizə ilə maşına doğru gedir. İkinci mühafizəçi isə bir qədər aralıda gedirdi. Xoşbəxtlikdən cinayətkarlar onu görməyiblər, bu üzdən də ikinci mühafizəçi oğurluq hadisəsini tam izləyə bilib.
Pandusa “Ford tranzit” avtobusu sıçradı, oradan maskalı “xüsusi təyinatlılar” töküldülər. Onlardan biri inkasator maşınına tərəf qaçıb maşını sürücü tərəfdən zirehli şüşəsini gürz ilə sındırmağa çalışır. O, risk etməmək qərarına gələrək xidməti tapançanı salonda qoyaraq maşından düşür.
Onu və mühafizəçiləri üzüstə yerə yıxırlar. Göy formalı “İstintaq komitəsinin nümayəndəsi” “sakitləşdirici” kəlməni deyir, sonra isə əsirləri maşına basırlar. Orada əllərini sıx bağladıqdan sonra başlarına torba keçirirlər. Cinayətkarların budəfəki gəlirləri 1,5 milyon dollar olur.
Kənarda qalan ikinci mühafizəçi polis çağırır. Amma hüquq-mühafizə orqanı əməkdaşları heç nə edə bilmirlər, belə ki, yeni açılan aeroportda müşahidə kameraları hələlik quraşdırılmamışdı, o üzdən də isti iz ilə cinayətin üstünü açmaq arzusu boş idi.
Yoxlama materialı yenidən ORÇ-5 əməliyyatçılarının əlinə düşür. Orada arxivləri qaldırırlar, son 10 il müddətində milis forması işlədilərək törədilən cinayətlər öyrənilir. Bundan başqa, “Pulkovo” aeroportu ərazisində törədilən cinayətlərə görə saxlanılanlar da yoxlanılır. Fakt üzrə cinayət işi İstintaq Komitəsinin icraatına verilir. Bir neçə ay sonra FTX (Federal təhlükəsizlik xidməti) və CİFX (Cəzaların icrası üzrə Federal xidmət) İdarəsinin əməkdaşları ilə birləşən ORÇ-5 əməliyyatçılarının nəzər nöqtəsinə silahlı qarətlər törədən qrup düşür.
Əldə olan məlumata əsasən qrupun liderləri 30 yaşlı Vitali Samsonov və 33 yaşlı İqor Xludkov idi. Birinci rəsmi olaraq avtomobil təmiri emalatxanasının sahibi idi, ikinci isə şəhərin özəl mühafizə şirkətlərindən birinin işçisi idi. Amma xərcləri gəlirləri ilə uyğun gəlmirdi, çox təmtəraqlı yaşayır, bahalı “Bentley”də, sevgililəri isə “İnfiniti”də gəzirdilər.
“Xüsusi təyinatlılar” arasında 44-cü milis bölməsinin keçmiş əməkdaşı daha öncə mühakimə edilmiş Anton Kulikov və CİFX İdarəsinin cari əməkdaşı Pavel Qriqoryev var idi. Onu ifşa etməyə istintaqda əvvəldən iştirak edən həmkarları yardım edir.
Keçən ilin oktyabr ayının 30-da qrupun ilk altı üzvü, o cümlədən də lideri saxlanılır. Axtarış zamanı tapılanlar isə bütün gözlənilən nəticələrdən artıq oldu. Samsonovun avtomobil təmiri emalatxanasında altı tapança, 1500-ə yaxın güllə, qumbara korpusları, pulemyot-tapançalar və partlayıcı maddələr tapılıb. Qriqoryevin bağ evində isə üç tapança, üç avtomat, güllə və bütün lazımi sursat, bundan başqa, qara forma, berts-çəkmələri, maska-papaqlar aşkar edilib. Elə orada “müstəntiqin” – papağı, köynəyi və qalstuku tapılıb.
Qrupun liderləri Konstitusiyanın 51-ci maddəsinə əsaslanaraq ifadə verməkdən imtina etdilər, amma digərləri bu və ya digər şəkildə istintaq ilə əməkdaşlığa getdilər. Onların ifadəsindən və əldə olan məlumatların sayəsində hücumların təsviri meydana çıxdı.
Əməliyyatların hər birinin hazırlığı altı ay zaman aparırdı. İlkin olaraq cinayətlərin müəlliflərinə Dubaydan mütəmadi olaraq böyük məbləğdə pulun gəlməsi məlum idi. Qrupun üzvləri aylarla aeroporta gedir, kuryerlərin davranışını müşahidə edirdilər. “Ssenari” xırdalığa qədər hazırlanır, sonra isə oynanılırdı. Bəzi müşahidəçilər pulun ardınca gələn maşını izləyir (ikinci epizodda bu maşına hətta kiçik bir qurğunun birləşdirilməsinə dair məlumat da var). Digərləri isə pulu alan adamı izləyirdilər. Lazımi zamanda parkinqdə “xüsusi təyinatlılar” ilə bərabər oturan liderə işarə verirdilər.
İstintaq zamanı aeroportdakı epizodlara əvvəlcə məlum olmayan daha iki epizod əlavə edilib. Belə ki, 2012-ci ildə qrup pul daşıması ilə məşğul olan “Baltiyskaya zvezda” MMC-yə “xüsusi təyinatlı” sxemi ilə hücum edərək qarət ediblər.
Üç nəfərin getdiyi “Reno” avtomobilində iki kisə pul ilə gedən üç mühafizəçi Şafirovsk prospektində “BMW” tərəfindən taran edilib. Maşından qara geyimli, əlində tapança olan dörd nəfər düşüb. Onlardan biri “Reno”nun şüşəsini sındırıb, salondan mühafizəçini çıxararaq yerə uzadıb...
Qarət etdikləri pul ilə cinayətkarlar piyada getməli olublar, belə ki, zərbədən sonra onların “BMW” maşınları işə düşməyib. Bu qaçışı yaxınlıqda olan yanacaqdoldurma məntəqəsinin müşahidə kameraları qeydə alıb. Amma çəkiliş keyfiyyətsiz olub. Cinayətin digər izlərini tapmaq mümkün olmayıb, ona görə də işi “açılmayan” iş elan ediblər.
Biznesmen Miqulyevin oğurlanması üzrə iş də belə işlərdən idi. O, Novosaratovka qəsəbəsindəki evindən çıxarkən onun maşınının yolunu digər bir maşın kəsir. Oradan çıxan formalı adamlar onu öz maşınından düşürərək digər maşına oturtduqdan sonra başına torba geyindirərək, əllərini qandallayıblar. Bir müddət maşını saxlayıb, əsiri qapalı məkana salıblar (indi bu məkanın Qriqoryevin bağ evinin qarajı olduğu məlumdur) və əlindəki qandalı tavandan asılan ipə bağlayıblar, bu səbəbdən o əlləri yuxarı qaldırılmış halda ayaq üstə durmalı olub.
Miqulyevi hədələyərək ondan 100 milyon rubl tələb ediblər. Uzun sürən bazarlıqdan sonra 50 milyon rubla razılaşıblar. Əsiri başında torba, qandallanmış əlinə pulu keçirmək üçün hesab nömrəsi verərək yolun kənarında maşından atıblar. Hesab xarici idi, bu hesab ilə bugünkü günə qədər heç kimi ifşa etmək mümkün olmayıb.
İki-üç il müddəti olan epizodlar üzrə dəlil bazasını necə toplamaq olar? Axı heç bir əşya, dəlil qalmayıb. Yalnız zərərçəkənlərin sözləri və şübhəlilərin ifadələri var. Şübhəlilərdən isə bəziləri gizlənməyə müvəffəq olublar, onların üçü axtarışdadır. Bundan başqa, istintaqın nəticələrində zərərçəkənlər elə də maraqlı deyillər (bu, heç cür izah edilməsi mümkün deyil). Bütün istintaq icraatına yalnız Məhəmmədli və Verdiyev mütəmadi olaraq gəlirlər. 2012-ci ildə qarət edilmiş mühafizəçilər müxtəlif səbəblər gətirərək istintaq üzrə görüşlərdən yayınırlar.
İşdə onlarla dindirilmə, üzləşdirmə, cinayət yerlərində müxtəlif əməliyyatlar var, amma təəssüf ki, Qriqoryevdən başqa bütün cinayətkarlar maskada işləyiblər, amma müasir istintaq üsulları yardıma gəlir.
“İş üzrə onlarla ekspertiza keçirilib, - Rusiya Federasiyası İstintaq Komitəsinin Piter üzrə idarəsinin xüsusi işlər üzrə müstəntiqi İvan Stasenko danışır. – 28 ekspertiza hələ aparılır. Onların arasında – trassoloji, daktiloskopik, ballistik, bioloji ekspertizalar var. Sonuncular məsələn, xüsusi təyinatlıların geyimlərindən götürülən predmetlərdə konkret şübhəli şəxslərin epiteliyasının (dərisinin mikroskopik izlərinin) olduğunu müəyyənləşdirir. Qriqoryevin cinayət zamanı istifadə etdiyi “Prokuror” qalstuku isə onun boğazına yaman keçib”.
Amma cavabsız suallar da var. Məsələn, bütün bu arsenalın haradan götürüldüyü? Silahların heç biri əvvəllər heç bir işdə “işıqlanmayıb”. Bəlkə onlar ölkəyə qaçaqmal kimi gətirilib? Pul gətirən kuryerlər haqqında məlumat verən “köstəbək” var idimi? Dubaydan gələn böyük məbləğdə pullara diqqət etmək lazımdır. Bu suallara cavabları çox güman ki, digər istintaqların gedişatında axtarmaq lazımdır.