Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda 2 milyon manatlıq oğurluq: Əldə etdiyi qızılları əridib satdı - FOTO/VİDEO
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Naməlum şəxs evə daxil olaraq oradan 7 min manat, 3 min dollar nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə barədə məlumat daxil olan kimi, dərhal Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda “isti izlər”lə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Cavid Süleymanov və Əhməd Əhmədov oğurladıqları maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə saxlanılıblar.
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdir ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.
Cavid Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Cavid Süleymanov ifadəsində oğurluq edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni, ev sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil olduğunu bildirib.
Qeyd edək ki, Cavid Süleymanov oğurluqlar edən zaman onunla eyni vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona məlumat ötürüb. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Cavid Süleymanov və Əhməd Əhmədovun paytaxt ərazisində törətdiyi oğurluq və bu kimi analoji cinayətlərin sayının artacağı istisna olunmur.
Rəylər