2023-cü il fevralın 2-də 2009-cu il təvəllüdlü Günay Şadatovanın 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olur. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları araşdırmalara başlayırlar.
Araşdırmalar zamanı məlum olub ki, hadisə Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən boş torpaq sahəsində baş verib. Cinayəti törədən şəxsin hadisə vaxtı istifadəsində olan ağ rəngli “Hyundai Elantra” markalı avtomobil Kürdəxanı qəsəbəsində, 6 saylı uşaq bağçasının yanında tapılır. Avtomobilə baxış keçirilərkən saxlanc yerindən, içərisində Zaur Babayevə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, iki ədəd lombard qəbzi, oturacaqların arasında dəstəyi taxta materialdan olan mətbəx bıçağı, arxa oturacağın və sağ qapının üzərində qan ləkələri aşkar edilir.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, 1981-ci il təvəllüdlü Zaur Babayev dəfələrlə məhkum olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Şadatova bədən səthində 6 ədəd bıçaq yarası, həmçinin qançır və sıyrıqlar aşkar edilib. Ölümünə ürəyin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəb olub.
Əfsanə Şadatovanın isə əllərində, sol baldır və sağ ayağında ümumilikdə yeddi ədəd bıçaq yarasının olması müəyyən edilib.
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, 2019-cu ilin axırlarında Əfsanə Şadatova qızı Günay Şadatova ilə birlikdə 14-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət edərək göstərib ki, rəsmi nikahsız yaşadığı Zaur Babayev onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Bundan hiddətlənən Zaur Babayev dekabrın 15-i saat 23 radələrində Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 9 ünvanında kirayədə yaşadıqları evdə bıçaqla Əfsanə Şadatovanı öldürəcəyi ilə hədələyib. Ondan və qızından paltarlarını soyunmalarını tələb edib. Evin qonaq otağında Əfsanə Şadatovanın yalvarışlarına məhəl qoymayıb, rəhmsizliklə 14 yaşına çatmayan qızı ilə qeyri-təbii yola cinsi əlaqədə olub. Daha sonra cinayətkar əməllərini davam etdirərək, eyni otaqda Günay Şadatovanın gözləri qarşısında, anasını zorlayıb. Eyni əməllər Zaur Babayev tərəfindən, bu hadisədən 10 gün sonra yenə təkrarlanıb.
2023-cü il yanvarın 28-də Əfsanə Şadatova 14-cü Polis Bölməsində növbəti dəfə ərizə yazaraq göstərib ki, o, qeyri-rəsmi əri, övladı isə atalığı Zaur Babayev tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıblar. Bundan sonra qadın uşaqları ilə birlikdə evi tərk edərək, başqa ünvana köçüb. Ona məlum olmayan başqa evə köçüb ayrı yaşamalarından, habelə əvvəllər törətmiş olduğu cinayət əməllərinin ifşa olunacağından ehtiyat edən Zaur Babayev qisas almaq qərarına gəlib. Fevralın 1-i saat 22 radələrində zəng edib, Əfsanə Şadatova və onun birinci nikahdan olan azyaşlı oğlu Muradla Bakı Beynəlxalq Avtovağzalının qarşısında görüşüb. Barışmaq istədiyini, əvvəllər etdiyi hərəkətlərə görə onu bağışlamasını bildirib, yalandan peşman olması görüntüsü yaradaraq, qadını aldadıb. Əfsanə Şadatovanın könlünü aldıqdan sonra, onları icarəyə götürdüyü “Hyundai” markalı (99-CU-287) avtomobilə əyləşdirib və fevralın ikisi gecə saat bir radələrində əvvəllər birgə kirayədə yaşadıqları evin qarşısına gətirib. Avtomobilin arxa oturacağında əyləşərək Əfsanə ilə bir qədər söhbət edəcəklərini deyib, onun oğlunu evə yola salıb. Törətmək fikrində olduğu alçaq niyyətli cinayət əməlini asanlaşdırmaqdan ötrü, maşında bıçaqla qadına zərbələr vurub. Sonra zorla evə salıb, əl-qolunu yapışqan lentlə və kəndirlə bağlayıb, Əfsanəyə xəsarətlər yetirib və onu hamam otağına salıb, qapını bağlayıb.
Murad Şadatovdan bacısı Günay Şadatovanın olduğu yeri öyrənərək, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, 16 ünvanında yerləşən evə yollanıb. Yetkinlik yaşına çatmayan qızı anasının yanına aparacağı bəhanəsi ilə aldadaraq, avtomobilə əyləşdirib, gecə saat üç radələrində Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən boş əraziyə gətirib. Zorla maşından düşürdükdən sonra, ətrafda heç kimin olmadığı şəraitdə, cinsi ehtirasını pozğun yolla təmin etmək məqsədilə, fiziki cəhətdən özündən dəfələrlə gücsüz və müqavimət göstərmək iqtidarında olmamasını dərk edərək, qızın üzünə və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı zərbələr vurub, ondan paltarlarını çıxartmasını tələb edib. Üzü üstə yerə yıxaraq, müqavimətini qırıb, onun aman diləyən yalvarışına məhəl qoymayıb, müstəsna dərəcədə qəddarlıqla Günay Şadatovanı zorlayıb. İşgəncə və xüsusi ağrılar verdiyini anlayaraq, halsız vəziyyətdə yerdə qalan qızın başına, üzünə və boyununa bıçaqla ardıcıl zərbələr vurub və öləcəyini düşünərək, oradan qaçıb. Daxil olan məlumat əsasında hadisə yerinə gəlmiş polis əməkdaşlarının köməkliyi ilə Günay Şadatova Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hərəkəti ilə, Zaur Babayev zorlama ilə əlaqədar zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Zaur Babayev ətraflı ifadə verməkdən imtina edib.
Fevralın 4-də istintaq eksperimenti zamanı, Zaur Babayev evdə Əfsanə Şadatovanı bıçaqla vurması, əllərini və ağzını yapışqan lentlə bağlayıb, hamam otağında kilidli vəziyyətdə qoyması, çöllük ərazidə Günay Şadatovaya bıçaqla xəsarətlər yetirib, onu zorlaması barədə ifadəsində göstərdiklərini bir daha təsdiq edib.
Zərərçəkmiş Əfsanə Şadatova ifadəsində göstərib ki, 2008-ci ildə Azər Şadatovla ailə həyatı qurub. 2009-cu ildə qızı Günay və 2011-ci ildə Murad dünyaya gəlib. Spirtli içki alüdəçisi olan yoldaşı 2012-ci ildə vəfat edib:
“2017-ci ildən Maştağa qəsəbəsi, Südçülük Sovxozunda yerləşən qadın geyimləri mağazasında satıcı işləyirdim. Həmin müddət ərzində taksi fəaliyyəti ilə məşğul olan və həmin mağazaya müştəri gətirən Zaur Babayevlə tanış olmuşam. 1 ay ərzində aramızda yaxın münasibət yarandı, birlikdə yaşamaq qərarına gəldik. Zaur əvvəllər Aynur adlı qadınla evli olub. Boşanandan sonra birinci arvadı və uşaqları ilə əlaqəsi olmayıb. Valideynlərim razı olmasalar da, Zaura qoşulub qaçdım və Maştağa qəsəbəsinin M.Hüseynzadə küçəsində fərdi evdə yaşadıq. Zaurla ailə qurduğum üçün ata-anam, qardaşım və bacılarımla əlaqəm kəsildi, hazırda da onlar məni qəbul etmirlər. İlk vaxtlarda münasibətimiz yaxşı idi. Ərim mənə və övladlarıma lazım olan qayğını göstərirdi. Zaur tikintilərdə fəhləlik edirdi. Narkotik vasitələr istifadə etmirdi. Təxminən 3-4 aydan sonra Zaur evdə əsassız söz-söhbət yaradıb, müxtəlif bəhanələr gətirərək birinci nikahdan olan övladlarımı döydü. Bunun qarşısını almaq istədikdə, mənə qarşı da zor tətbiq etdi.
Əfsanə Şadatova
Zaurla nikahımızdan 2019-cu ildə Günel adlı qızım və 2021-ci ildə Adil adlı oğlum dünyaya gəldi. 2019-cu ildə ailəlikcə Bərdə rayonuna getdik. Bakıya qatarla qayıdanda, yer olmadığından Günay Zaurun yanında yatdı. Evə gələndən sonra qızım mənə xəlvətcə dedi ki, qatarda atalığı onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan əlavə qızım mənə danışdı ki, son bir il müddətində, evdə olmamağımdan istifadə edən Zaur dəfələrlə paltarlarını soyundurub, ona qarşı seksual xarakterli hərəkətlər edib. Bununla bağlı 14-cü bölməyə müraciət etdim və ərim 1 ay müddətinə inzibati qaydada həbs olundu. Həbsxanadan gələndən sonra uşaqlara görə barışdıq və yenə onunla yaşamaqda davam etdim”.
2022-ci il dekabrın 15-də və 25-də Zaur barəsində bölməyə şikayət etdiyinə görə, onu və qızı Günayı ölümlə hədələyib, onlardan soyunmalarını tələb edib. Sonra hər ikisi ilə iradələrinə zidd olaraq cinsi əlaqədə olub:
“Yanvarın 27-də övladlarımı özümlə götürüb Sabunçu qəsəbəsində, kirayə tutduğum evə köçdüm. Həmin ünvanın yerini Zaura deməmişdim. Növbəti gün Günayla birlikdə bölməyə ərizə ilə müraciət edərək, Zaur Babayevin qızımı zorlaması barədə məlumat verdim. Polis əməkdaşları mənə bildirdilər ki, ekspertizanın cavabı daxil olduqdan sonra material aidiyyəti üzrə prokurorluğa göndəriləcək. Fevralın 1-i saat 21 radələrində Zaur yeni aldığım nömrəmə zəng vurub barışmaq istədiyini və əməllərindən peşman olduğunu söyləsə də, ona inanmadım. Yoldaşım dayanmadan zənglər edib, ismarıclar yazırdı. Məni aldadaraq, Gürcüstana gedəcəyini, axırıncı dəfə məni görüb, uşaqlar üçün bazarlıq edəcəyini və bir daha heç kimi incitməyəcəyini bildirdi. Zaurun sözlərinə inanıb, yaşadığım ünvana taksi çağırıb oğlum Muradla birlikdə əvvəlcə Avtovağzala getdik. Marketin qarşısında Zaurun idarə etdiyi avtomobilə əyləşib Maştağa qəsəbəsinə, əvvəl yaşadığımız evə gəldik. Murad maşından düşüb evə girəndən sonra, Zaur arxa oturacaqda, yanımda əyləşdi. Bıçaqla boğazıma tərəf zərbə vurmaq istəyəndə, hər iki əlimlə alətin tiyəsindən tutdum və bu an barmaqlarım kəsildi. Sonra ayaqlarımdan xəsarət aldım. Ağzımı yapışqan lentlə, əl-qollarımı isə iplə bağladı. Sürüyə-sürüyə avtomobildən düşürdüb, məni hamam otağına saldı. Zaur bunu edə-edə mənə “hələ bu harasıdır, gedib qızını da gətirib, yanında öldürəcəyəm” dedi. Huşumu itirdim. Sonradan özümə gələrək, əllərimi bir təhər açıb güc toplayaraq, ayağa qalxdım. Bir təhər qonşunun həyətinə çatdım və orda yerə yıxıldım. Qonşum Səbinə səsə çölə çıxdıqda, ondan xahiş etdim ki, dərhal polisə zəng vursun. Bir müddətdən sonra Təcili Tibbi Yardım işçiləri gələrək, məni xəstəxanaya apardılar. Qızım Günayın hansı şəraitdə öldürülməsi barədə hər hansı məlumatım yoxdur”.
Əfsanə Şadatova əlavə edib ki, Zaur Babayev dekabr ayında ona və qızına qarşı etdiyi seksual xarakterli hərəkətlərini onun mobil telefonu ilə çəkib. Amma sonradan ona və qızına məxsus telefonları “Dakar” ticarət mərkəzində lombarda girov qoyaraq, müqabilində 200 manat pul götürüb.
Şahid Elçin Əbilov ifadəsində göstərib ki, hadisə yerinə gəlib, Əfsanə Şadatovanın əri tərəfindən bıçaqlandığını və əl-qolu skoçla bağlı vəziyyətdə, qonşunun həyətinə keçdiyini biliblər:
“Nə baş verdiyini soruşanda o, qeyri-rəsmi yaşadığı şəxsin ona bıçaqla xəsarətlər yetirdiyini və qızını öldürmək üçün, başqa evə getdiyini bildirib. Zaur Babayevi necə tapa biləcəyimizi soruşanda qadın, onun qəsəbənin girişində, Asif adlı şəxsin işlətdiyi şirkətdən kirayəyə ağ rəngli “Hyundai” markalı maşını götürdüyünü dedi. Əməliyyat qrupu ilə ora yollanıb, həmin şəxsi sorğu-sual etdik. GPS vasitəsi ilə maşının olduğu yeri müəyyən edib, məhəllənin giriş və çıxışlarını bağladıq. Qaçmağa cəhd edən Zaur Babayevi tutduq. Günay Şadatovanın harada olduğunu soruşanda, o, qızı zorladığını, ona bıçaqla xəsarətlər yetirib boş ərazidə atdığını və bəlkə də itlərin onu parçaladığını bildirdi. Dediyi ərazidə qızı tapanda, o, hələ sağ idi. Günayı maşınla Məmmədyarov dairəsinə qədər aparıb, orda Təcili Tibbi Yardım işçilərinə təhvil verdik”.
Lombarddan götürülmüş “Redmi Note 9” markalı mobil telefonlara baxış zamanı, qovluqda ailə fotoşəkilləri və pornoqrafik xarakterli videoçarxlar aşkar edilib.
Məhkəmə iclasında Zaur Babayev ittiham üzrə özünü qismən təqsirli bilib. O, prosesdə elan edilən məhkəmə-genetik ekspertizasının rəyi ilə razılaşmayaraq bildirib ki, Günay Şadatova ilə cinsi əlaqədə olmayıb, onu zorlamayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Məhkəmə Zaur Babayevin məhkəmə iclasında verdiyi ifadələrini öz müdafiəsi üçün verdiyi ifadələr kimi qiymətləndirib və onları inandırıcı hesab etməyib.
Məhkəmə qənaətə gəlib ki, Zaur Babayevin Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6-cı (zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə), 120.2.9-cü (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ağır nəticələrə səbəb olduqda), 149.2.4cü (zorlama, zərərçəkmiş şəxsləri öldürmə hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5-cü (zorlama, təkrar törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Babayev ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Rəylər