Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda iki qızı oğlanların əlindən alıb hotelə apardılar, birinə təcavüz etdilər - TƏFƏRRÜAT
Bakının Binəqədi rayonunda 2001-ci il təvəllüdlü Lətif yetkinlik yaşına çatmayan Günelə (adlar şərti verilib - red.) təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Lətif 29 dekabr 2022-ci ildə gecə saat 4 radələrində Binəqədi rayonunda yerləşən hotellərdən birində 14 yaşına çatmamış Güneli döyəcəyi ilə hədələyib, ona zor tətbiq edib.
O, hoteldə Günellə cinsi əlaqədə olub. Bir qədər sonra yenidən təkrar Günelə zor tətbiq edəcəyi ilə hədələyib, onunla cinsi əlaqədə olub, digər seksual xarakterli hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmayıb: “Salyan rayon sakiniyəm, Bakı şəhərində hoteldə ofisiant işləyirəm. Dekabrın 28-də axşam saat 21 radələrində tanışım Əfqanla görüşdük. Birlikdə Dənizkənarı Bulvara getdik. Dostumla gəzən zaman iki qız gördük. Kənardan oğlanlar qızlara söz atıb, onları narahat edirdi. Yaxınlaşıb nə baş verdiyini soruşduq. Qızlar heç bir problem olmadığını, gündə yüzünün onlara yaxınlaşdığını bildirdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, qızlarla birlikdə gecə saat 3-ə qədər bulvarda gəzib, kofe içib, dondurma yeyiblər: “Qızlar bizdən evimizin olub-olmadığını soruşdular, evə getməyi təklif etdilər. Mən evimin olmadığını, hoteldə iş yerimdə qaldığımı bildirdim. Onlara hotelə getməyi təklif etdim. Qızlar razı olduqdan sonra işlədiyim hotelin qeydiyyat şöbəsində işləyən Səlim adlı dostuma zəng vurdum. Səlim kartıma əlli manat göndərdi.
Bundan sonra birlikdə taksi ilə Xırdalan dairəsində yerləşən hotelə getdik. Hotel iki yataq otağı, qonaq otağı və hər yataq otağının öz sanitar qovşağı olan üç otaqdan ibarətdir. Mən dostumla bir otaqda, qızlar isə digər yataq otağında qaldılar. Hotelin təmsilçisi bizdən heç bir sənəd tələb etmədi. Artıq gec olduğu və bərk yorulduğum üçün öz yataq otağıma keçdim. Gözlədim ki, dostum Əfqan da gəlib yanımda yatacaq. Bu zaman Günel otağa daxil oldu. Çarpayıda yanımda uzanaraq məni öpdü”.
Lətif bildirib ki, daha sonra Günelin təklifi ilə onunla cinsi əlaqədə olub: “Bundan sonra yuyunmaq üçün hamama getdim. Günel isə Zəminənin qaldığı otağa keçdi. Səhər tezdən taksi sifariş verib hoteldən çıxdıq, Nərimanov parkının yanına getdik. Oradan iş yerimə yollandım. Taksi pulunu qızlar verdilər.
Bundan sonra çıxıb yaşadığım Salyan rayonuna getdim. Məni Salyan Rayon Polis Şöbəsinə çağırdılar. Bakı şəhərindən gəlmiş əməliyyatçı məni Xətai Rayon Polis İdarəsinə gətirdi. Mənə 15 gün həbs verdilər.
Orada məni Günel ilə üzləşdirdilər. Üzləşmə zamanı Günel bildirdi ki, guya onları zorla taksiyə mindirib hotelə aparmışıq. Bildirmək istəyirəm ki, qızların 14 yaşında olmasını bilməmişəm. Onlar 16 yaşlarının olduğunu deyiblər”.
İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, orta məktəb şagirdidir, valideynləri və nənəsi ilə birlikdə yaşayır: “Dekabrın 28-də bibim qızı Zəminəgilə qonaq getdim. Həmin gün Zəminə öz anasından küsdü. Bu səbəbdən mənə evdən çıxıb bulvara gəzməyə getməyi təklif etdi. Lətiflə bulvarda tanış oldum. Yanında bir nəfər də dostu vardı. Naməlum şəxslərin tanış olmaq məqsədi ilə yaxınlaşaraq bizdən əl çəkmədiklərini görən Lətif və dostu onları bizdən uzaqlaşdırdılar. Lətif və onun dostu ilə belə tanış olduq.
Mən və bibim qızı Lətiflə dostuna 13 yaşımızın olduğunu bildirdik. Hava qaraldıqda Lətifgilə bizi evlərinə aparmağı xahiş etdik. Onlar isə taksi tutaraq bizi tanımadığımız hotelə apardılar. Mənim hotellə bağlı o günə kimi heç bir anlayışım olmayıb.
Lətiflə dostu bizi öz evləri adıyla aldadıb hotelə apardılar. Getdiyimiz hoteldə qaldığımız yer ikiotaqlı idi. Otaqlardan birində Zəminə ilə mən, digərində isə Lətiflə dostu qaldı. Lətif gecə məni öz otağına apardı. Mənə qarşı seksual xarakterli hərəkətlər etdi. Səhər taksi ilə bizi Nərimanov parkının yanına gətirdilər. Orada bizi düşürərək getdilər.
Parkın yanından taksiylə bibimgilin evlərinin yanına gəldik. Orada bizi polislər saxlayıb araşdırma apardılar. O zaman bildim ki, atam evə gəlmədiyimi görüb polisə şikayət edib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Lətif 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Rəylər