Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda kişi telefonda çox danışan arvadını döydü
Bakının Suraxanı rayonunda 1975-ci il təvəllüdlü Saleh Məmmədov ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sümbülə Məmmədovaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 9-da baş verib.
Saleh həmin gün, saat 18:00-da yaşadığı evdə həyat yoldaşı Sümbülənin gün ərzində telefonda uzun müddət danışmasını və onun telefon zənginə cavab verməməsini irad kimi bildirib.
Bu zaman onun Sümbülənin ünvanına nalayiq ifadələr işlətməsi və sonuncunun ona cavab qaytarması səbəbindən aralarında mübahisə yaranıb və Saleh əsəbiləşərək yumruqla qəsdən bədəninin müxtəlif nahiyələrinə bir-neçə dəfə zərbə endirib.
Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, həyat yoldaşı Sümbülə ilə qarşılıqlı nikahlarından üç qızı dünyaya gəlib:
"Həyat yoldaşım Sümbülə ilə münasibətlərimiz daim yaxşı olub. Son zamanlar isə dəmirçi işlədiyim qapı sexindən evə yorğun gəlsəm də, həyat yoldaşım mənimlə maraqlanmayıb. Bütün günü telefonda kimləsə danışıb. Bu da mənə pis təsir etdiyindən aramızda narazılıq yaranıb".
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 9-da, saat 18:00-da evinə gəlib:
"Həmin vaxt işi ilə əlaqədar çox yorulmuşdum. Gün ərzində dəfələrlə Sümbüləyə zəng etsəm də, onun telefonu məşğul idi. Mənə cavab vermədiyinə görə əsəbiləşdim. Evə gələrək ona bununla bağlı irad bildirdim. Mətbəx otağına keçərək ondan çay istədim. Sümbülə də mənə çay verərkən evə gec gəlməyimi irad bildirdi. Yorğun olduğumdan ona kobud cavab qaytararaq ünvanına nalayiq ifadələr işlətdim. Sümbülənin də cavab qaytarması məni əsəbiləşdirdi və evin mətbəx otağında yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdim. Bundan sonra yaşadığım evi tərk etdim. Sonda əməlimdən peşman oldum".
İş üzrə zərərçəkmiş Sümbülənin sözlərinə görə, son zamanlar həyat yoldaşı Saleh ilə aralarında narazılıqlar yaranıb:
"Saleh heç bir səbəb olmadan məni başqa şəxslərə qısqanıb və mənimlə kobud rəftar edib. Lakin mən bu barədə əvvəllər heç bir şikayət etməmişəm. İyulun 9-da birlikdə yaşadığımız evdə idim. Həmin gün saat təxminən 18:00-da Saleh evə gəldi.
Saleh evə gələndən sonra mənə mobil telefonumun uzun müddət məşğul olduğunu bildirərək irad tutdu, evin mətbəx otağına keçdi və məndən çay istədi. Mən də Salehə çay verərkən ondan nə səbəbə evə son vaxtlar gec gəlməsini irad bildirdim. Bu Salehə pis təsir etdiyi üçün məni təhqir etməyə, ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Ona cavab qaytardığım üçün yumruq zərbələri ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi".
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Saleh 3 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.
"Suraxanı Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
- Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edildilər
- Bakıda fəhlənin ölümünə görə vəzifəli şəxsə cəza verildi
- Bakıda kişi arvadını birinci ərinə qısqanaraq döydü
- Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi
Rəylər