Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınan qətllə bağlı detallar məlum olub.
Lent.az-ın məlumatına görə, qətlə yetirilən iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək əri, Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.
Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub. Bu zaman ər-arvad arasında mübahisə düşüb. Daha sonra İ. Məmmədov üzərindəki tabel silahı ilə arvadına ard-arda atəş açmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən altı güllə yarası alan qadın hadisə yerindəcə keçinib.
İ.Məmmədov qətli törətdikdən sonra polisə təslim olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İsmayıl Məmmədovun arvadının şöbədə ondan şikayət etdiyini polis əməkdaşları özləri xəbər veribmiş.
11:56
Səhər saatlarında Bakıda həyat yoldaşını qətlə yetirən polislə bağlı bəzi detallar məlum olub.
Qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova Oxu.Az-a bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub:
“Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.
:640.jpg)
N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:
“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.
Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:
“Yoldadır, gəlir, elə bilir yaralıdı”.
Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.