Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb:
“Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”.
G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
14:54
Bu gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı tabel silahından atəş açaraq qətlə yetirib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, cinayət qısqanclıq zəminində baş verib. H.Osmanov tanışını qətlə yetirdikdən sonra intihar etməyə cəhd edib.
H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Könül Cəfərli
14:48
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla güllələyib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 11.00 radələrində, Yasamal rayonu ərazisində qeydə alınıb.
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən Osmanov adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.