Şirvan Apellyasiya Məhkəməsində Salyanda xuliqanlıqda təqsirləndirilən Ağabala Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə Ağabala Babayev iki il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə 4 iyun 2023-cü ildə Salyan rayonu ərazisində qeydə alınıb.
Belə ki, Ağabala Babayev yaşadığı evin həyətində qızının növbəti gün keçiriləcək toy şənliyi münasibətilə təşkil etdiyi məclisdə (“ciyər axşamı”) qardaşı oğlu, zərərçəkmiş Rüfət Babayevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onun qaynı ilə mübahisə etməsi olub. Sonra o, qardaşı oğlunun ünvanına ucadan nalayiq ifadələr işlədərək qəsdən yumruq, şillə və silah qismində istifadə etdiyi dəmir parçası ilə onun baş, üz və bədən nahiyələrinə çoxlu zərbə vurub. Həmçinin təqsirləndirilən şəxs dəmir parçası ilə yaşadığı evin həyətində dayanmış zərərçəkmiş şəxsə məxsus VAZ-2114 markalı avtomobilin ön alın və yan şüşələrini qəsdən sındırıb.
Hadisədən sonra Ağabala Babayev cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər