Dünən Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı polis qüvvələri tərəfindən Yevlaxda keçirilmiş xüsusi əməliyyat nəticəsində həbs olunmuş vətəndaşların adları açıqlanıb.
Oxu.Az DİN-in məlumatına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Əli Nəbiyevdən 1 kiloqram 50 qram marixuana, Səbuhi Məmmədovdan 1 kiloqram 200 qram marixuana, əvvəllər məhkum olunmuşlar - Əlövsət Musayevin evindən 2 ədəd qumbara və 1 kiloqram 10 qram marixuana, Elxan Hüseynovun evindən “TT” markalı tapança və 2 qram heroin, Əsəd Məmmədovun evindən “AKSU” markalı silah, 2 ədəd qumbara, 29 ədəd avtomat patronu və 1,6 qram heroin, Mövsüm Musayevin evindən 2 kiloqram 400 qram marixuana, Arif Bəkirovun evindən 2 kiloqram 200 qram marixuana və 11 qram tiryək aşkar edilərək götürülüb.
11 fevral
Azərbaycanın Daxili İşlər Nazirliyinin bölmələri Yevlax rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Nazirlikdən Oxu.Az-a daxil olan məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi təyinatlı polis qüvvələri ilə birgə keçirdikləri əməliyyat nəticəsində rayonda “reketlə” – sahibkarlara hədə-qorxu gəlməklə pul tələb edən 7 kriminal avtoriteti həbs edib.
Məlumata görə, həmin şəxslərdən 5-i əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunub.
Onların üzərlərinə, yaşadıqları mənzillərə və istifadə etdikləri avtomobilə baxış zamanı 1 avtomat, 1 tapança, 4 əl qumbarası və xeyli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
www.oxu.az