Ermənistanda general-mayor Artak Tonoyan ölkənin müdafiə nazirinin müşaviri vəzifəsindən getməsi barədə istefa ərizəsi təqdim edib.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Xatırladaq ki, daha əvvəl KİV-də onun oğlu Artaşes Tonoyanın həbsi ilə bağlı məlumatlar yayılıb.
Ermənistanın müdafiə naziri Suren Papikyanın müşavirlərindən birinin oğlu "kriminal avtoritet" Rüstəm Stepanyanın (kriminal dairələrdə "Kök Rüstəm" kimi tanınır) evinin yaxınlığında 24 yaşlı gəncin qətli ilə bağlı həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın shamshyan.com kriminal xronika saytı məlumat verib.
Qeyd edək ki, avqustun 15-də Proşyan kəndində üzərində yarası olan 24 yaşlı Mamikon D. adlı şəxs tapılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları üç şübhəli şəxsi saxlayıblar. Onlardan biri də Artaşes Tonoyandır. Nəşrin məlumatına görə, o, müdafiə nazirinin müşaviri olan generalın oğludur.
Qeyd olunur ki, ölən 24 yaşlı Mamikonun kriminal dairələrlə əlaqəsi olmayıb. Onun hadisə yerində olması və yara almasının səbəbləri hələlik məlum deyil.