Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu ilə aralarında yaranan mübahisə zəminində həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov, qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva, oğlu Tural Xanməmmədov və qardaşı oğlu Cavid Xanməmmədov birgə mətbuat konfransı keçiriblər.
Oxu.Az-ın məlumatına görə, A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, bugünkü mətbuat konfransını keçirilməsinin məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü yaranan bütün şəxslərə başımıza gələn faciənin tam təfərrüatını, dəqiqliyini təqdim etməkdir.
C.Yusifov müdafiə etdiyi şəxsin “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edildiyini vurğuladı: “A.Xanməmmədovun əsas məqsədi xüsusi mülkiyyətində olan 2100 kv.m. sahənin F.Seyidov tərəfindən ələ keçirilməsinin qarşısını almaq olub. Belə ki, F.Seyidov mülkiyyətimizdə olan əmlakdan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və müvafiq orqanlara etdiyimiz müraciətlərə baxmayaraq, F.Seyidov tələblərimizə məhəl qoymur və ondan şikayət etməmək üçün ailəmizi hədələyir, müxtəlif yollarla təzyiq göstərir”.
Vəkilin sözlərinə görə, A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş 4 əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib: “Faiq Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakların yerləşdiyi binada təxribat törədəcəyini və ailəmizi hədələyərək hamımızı zindanlarda çürüdəcəyini bildirmişdir. Azadxan müəllim isə əmlakların onun adına olmasından, həmin əmlakların yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən və bu təxribat nəticəsində sadə insanların zərər çəkməməsindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə Riyad Mühafizə Xidməti ilə yalnız obyektin mühafizə olunması məqsədilə qanuni şəkildə müqavilə bağlamışdır. Bir daha qeyd edirik, müqavilə tam əsaslı və qanuni şəkildə bağlanıb və qanunvericiliyin bütün tələbləri müqavilənin bağlanması zamanı təmin edilib. Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirilməyə başlayan zaman Faiq Seyidov və onun tərəfdaşları tərəfindən Mühafizə Xidmətinin işçilərinə qarşı əvvəlcədən planlaşdırılmış provokasiya xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılmış və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan Azadxan müəllimi şərləyərək həbs etdirməklə niyyətlərinə nail olmuşlar. Faiq Seyidov öz niyyətinə çatdıqdan sonra sifarişlə hadisədə heç bir iştirakı olmayan Azadxan müəllim barəsində cinayət işi qaldırmış və 3 ay müddətində həbs-qətimkan tədbiri verdirmişdir. Heç bir təqsiri olmayan şəxs barəsində cinayət işinin başlanmasında əsas məqsəd isə əmlakımızı əlimizdən almaqdan ibarətdir. Yəni hər hansı ödəniş etmədən, qanuni şəkildə müqavilə bağlamadan, yalnız şər və böhtan xarakterli hərəkətlər edərək böyük məbləğli obyektləri təzyiq göstərərək öz əlinə keçirib, varlanmaqdır”.
Vəkil hazırda işlə bağlı istintaq getdiyini, qanunlara arxalandıqlarını bildirib: “Biz hər zamankı kimi, Azərbaycan Respublikasının qanunlarına arxalanmışıq və əminik ki, istintaq tam qanuni və qərəzsiz şəkildə gedəcək. Biz düzgünlüyümüzə əminik, çünki Azadxan müəllim baş vermiş hadisənin iştirakçısı olmamış, xuliqanlıq etməmiş, sadəcə, əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlamışdır. Məgər xüsusi mülkiyyətində olan əmlakın mühafizəsi üçün müqavilə bağlamaq cinayətdirmi?! Bütün bunlar onu göstərir ki, bizim təqsirimizin olmaması sübut olunacaq”.
Vəkil həmçinin məsələ ilə bağlı Riyad Mühafizə Xidmətinin verdiyi rəsmi açııqlamanı medianın diqətinə çatdırdı: “Baş verən hadisədə zərərçəkən sahibkarla yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməməsi və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədilə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq, mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb.”
Vəkil əlavə edib ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb: “Yuxarıda qeyd olunanlar bir daha Xanməmmədov Azadxan Allahqulu oğlunun niyyətinin obyektin girişində münaqişə yaratmaq deyil, sadəcə, hazırlanacaq təxribatların qarşısını almaq və mühafizənin hansı formada təşkil edilməsi barədə Mühafizə xidmətinin əməkdaşlarına məlumat verməkdən ibarət olmuşdur. Həmçinin, bildirirəm ki, qarşı tərəfin mediyaya təqdim etdiyi video görüntülərdə Xanməmmədov Azadxan Allahqulu oğlunun baş vermiş münaqişədə iştirakı öz təsdiqini tapmamış və çoxsaylı müraciətlərə baxmayaraq həmin video görüntülərin tam şəkildə təqdim edilməsi təmin edilməmişdir. Həmin videogörüntülər tam şəkildə təqdim edildiyi halda Xanməmmədov Azadxan Allahqulu oğlunun qeyd olunan münaqişədə, ümumiyyətlə, günahının olmadığını sübut edəcəyi səbəbindən qarşı tərəf qeyd olunan videogörüntüləri bu günədək mediaya təqdim etməmiş və bununla da, mediada və ictimaiyyətdə yalnış fikir formalaşdıraraq istintaqın gedişatına dolayısı yolla təsir göstərmişdir. Həmin görüntüləri tam əldə etdikdən sonra Azadxan müəllimin həmin münaqişədə iştirakının olmamasına, Azadxan müəllim tərəfindən münaqişənin yaranması üçün hər hansı hərəkətlərin atılmamasına, buna şəraitin yaradılmamasına bir daha əmin ola bilərsiniz”.
C.Yusifov bildirib ki, müdafiə etdiyi şəxs həbs edildikdən sonra F.Seyidov əmlakın ona verilməyəcəyi təqdirdə A.Xanməmmədovu daha ağır maddələrlə ittiham edəcəyi ilə hədələyir.
Qeyd edək ki, A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdir. Apellyasiya şikayəti verməmizə baxmayaraq, qərar dəyişdirilmədən saxlanılmışdır.
Zülfiyyə Qurbanova
www.oxu.az