2021-ci il martın 19-na keçən gecə Bakının Nəsimi rayonu Namiq Məlikov küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında ərazi üzrə rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları qeyd olunan ünvanda 1968-ci il təvəllüdlü Etibar Camalovun üzərində bıçaq xəsarətləri olan meyitini tapıblar. Hadisə zamanı yaralanan 1969-cu il təvəllüdlü Elçin Camalov Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyatı xilas edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 18-də borca görə elektrik enerjisinin kəsilməsi səbəbindən Elçin Camalov ikinci mərtəbədə yaşayan qardaşı Etibar Camalovun yanına qalxıb, bayram günü qaranlıqda qalmamalarını və işıq pulunu verməsi üçün ona köməklik etməsini deyib. Əlbəyaxa olduqları zaman Etibar başı ilə Elçinin alnına zərbə vurub.
Bundan sonra E.Camalov qaldığı evə düşüb və bu barədə anasına danışaraq, baş verənlərin günahını qardaşının arvadı Kəmalə Camalovada gördüyünü bildirib. Yoldaşının ünvanına nalayiq ifadələr işlətdiyinə görə Etibar onun yaşadığı evin qapısını açıb, üzünə və sinəsinə bıçaqla iki dəfə zərbə vurub. Bundan hiddətlənən Elçin qonaq otağındakı masanın üzərindən bıçağı götürüb qardaşının döş qəfəsinə və bədənin digər nahiyyələrinə ümumilikdə yeddi dəfə zərbə endirib. Bu hərəkəti ilə, Elçin Camalov qardaşını öldürüb.
İş üzrə dindirilmiş Elçin Camalov bildirib ki, anası, bacısı və qardaşı Elbrusla bir evdə yaşayıblar. Digər qardaşı Etibar öz arvadı ilə hadisədən üç-dörd ay əvvəl onlar qalan ünvana köçüb və ikinci mərtəbədə qalıb:
“Qardaşım işıq pulunun özünə düşən hissəsini ödəməkdən boyun qaçırdı. Bayram ərəfəsində pulu ödəmədiyimizə görə işığımız kəsildi. Buna görə axşam Etibarın yanına qalxıb dedim ki, işıq pulunun yarısını mən, yarısını isə o versin. Köməkləşib borcumuzu ödəyək və bayram günü qaranlıqda qalmayaq. Cavab olaraq Etibar pulu ödəyəcəyini deyib məni yola verəndə, aramızda mübahisə yarandı.
Acıq edən qardaşım pul verməyəcəyini söyləyərək, yumruqla mənə zərbələr vurdu. Heç nə etmədən aşağı, öz evimə düşüb, anama qaranlıqda qalmaq istəmədiyimi və dostlarımın yanına gedəcəyimi bildirdim. Çölə çıxmağa hazırlaşdım. Qapını açanda, gözləmədiyim anda Etibar əlindəki bıçaqla əvvəl başıma, sonra da döş qəfəsimə zərbə vurdu. Növbəti zərbəni boğazımdan vurmaq istəyəndə arxaya çəkildim və masanın üzərindən bıçağı götürüb, onun sinəsinin sağ hissəsinə iki dəfə xəsarət yetirdim. Qardaşım bir-iki addım arxaya doğru gedib, pilləkəndə oturdu. Ailə üzvlərimə təcili yardım çağırmalarını dedim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kəmalə Camalova ifadəsində göstərib ki, Etibar Camalovla 2013-cü ilə ailə həyatı qurub. Onlar qayınanasına məxsus ikimərtəbəli evdə yaşayıblar:
“Birinci mərtəbədə üç otaq, ikinci mərtəbədə ayrı girişləri olan ikiotaqlı evlər var. Etibar əvvəllər taksi fəaliyyəti ilə məşğul olurdu, son vaxtlar işləmirdi. Martın 18-də axşam qaynım Elçin bizim otağa gələrək Etibara işıq pulunu ödəməsini dedi, sonra isə aşağı düşdü. Təxminən iki saatdan sonra Elçin yenə qalxıb Etibardan əsəbi şəkildə işıq pulunu ödəməsini tələb etdi. Aralarında yaranan mübahisə zamanı Elçin öz otağına getdi və anası ilə danışarkən, onu söyməyə başlayıb. Buna görə Etibar bıçaq götürüb qardaşının yanına getdi. Beş dəqiqə sonra yoldaşımın qışqırdığını eşidib birinci mərtəbəyə düşdüm. Səs-küyə qonşularımız Coşqun və Araz da gəldilər. Birtəhər Etibarı otağa qaldırıb Təcili Yardıma zəng etdim. Həkimlər gələndə ərim artıq keçinmişdi. Sonra polis əməkdaşları gəlib, Etibarın meyitini patoloji anatomiya şöbəsinə apardılar”.
Kəmalə Cəfərova əlavə edib ki, qardaşların arasında vaxtaşırı söz-söhbətləri olsa da, heç vaxt dalaşıb bir-birinə xəsarət yetirməyiblər. Dava vaxtı Elçin Camalovun Etibar Camalovu bıçaqla vurduğunu görməyib.
Şahid Nadidə Arif qızı Hüsüyeva ifadəsində göstərib ki, Elbrus Camalovla ailə həyatı qurduqdan sonra qayınanası ilə birlikdə yaşayıb:
“Etibar arvadı Kəmalə ilə gəldiyi gündən bəri hər gün evdə söz-söhbət olurdu. Kəmalə ilə ailə üzvlərim yola getmirdilər. Elçin mütəmadi spirtli içki içməsinə baxmayaraq heç kəslə mübahisə etməyib. Elçinin Etibarla ara-sıra problemi olsa da, o, həmişə qardaşına hörmət edirdi. Hadisə günü işdən gələndən sonra yatmışdım. Gecə Kəmalənin qışqırıq səsini eşitsəm də, bunun adi hal olduğunu düşünüb otaqdan çıxmadım. Buna görə də hadisənin necə baş verdiyini görməmişəm. Bir müddətdən sonra baldızım evin qapısını döyüb, Elçinin Etibarı öldürdüyünü dedi”.
Məhkəmə iclasında Elçin Camalov ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, özünü qorumaq məqsədi ilə qardaşını bıçaqlayıb. Əməlindən peşmandır, heç vaxt istəməzdi ki, belə bir hadisə baş versin.
Məhkəmə hesab edib ki, Elçin Camalovun əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əməlində cinayət tərkibi olmadığına görə Elçin Camalova bəraət verilib və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib.
Rəylər