Moskvanın cənubunda Naqatinoda “Binqo Bum” bukmeker klublarına qarşı bir neçə dəfə quldurluq edən şübhəli şəxslər saxlanılıb.
Xüsusi əməliyyat “SOBR” döyüşçülərinin dəstəyi ilə DİN əməkdaşları tərəfindən həyata keçirilib. Oxu.Az-ın REN Tv-yə istinadən verdiyi məlumata əsasən, saxlanılanlar 21-26 yaş arası altı Azərbaycan vətəndaşıdır.
Şübhəli şəxslər saxlanılarkən fəal müqavimət göstəriblər. Şəxsi baxış zamanı onlardan odlu silaha bənzər əşyalar götürülüb.
“Quldurluq” maddəsi üzrə cinayət işi açılıb. Onların həbsi məsələsinə baxılır.
REN Tv-nin öncə verdiyi məlumata əsasən, paytaxt Moskvada bir neçə ay “Binqo Bum” bukmeker şəbəkəsinə qarşı onlarla oğurluq faktı qeydə alınıb. Ümumi ziyan 109 min 500 rubl (1 478 man) təşkil edir.