Ailəli olan Mehman Böyükağa oğlu Vazehi Yelina Viktorovna Şıxəliyevanı görəndə ilk baxışdan ona aşiq olub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, sevgisi güclü olan Mehman Yelina ilə evlənmək üçün arvadından ayrılıb.
Uşaqlarını da atıb evdən gedən Mehman Vazehi 27 yaşlı Yelinanı qaçırıb.
Mehman yeni arvadını kirayə tutduğu evə gətirib. Bir il ərzində cütlük müxtəlif ünvanlarda kirayə yaşayıblar. Bir il sonra onlar Sumqayıta köçmək qərarına gəliblər və orada da mənzil kirayəliyərək yaşamağa davam ediblər.
Mehmanın Yelinadan uşağı olmadığı üçün o, birinci həyat yoldaşından olan uşaqları ilə tez-tez görüşüb. Görüşlərin sayının çox olması Yelinada qısqanclıq hissi yaradıb. O, ərinin birinci arvadı ilə barışmasından ehtiyat edərək Mehmandan o evə gec-gec getməsini tələb edib.
Yelina Mehmanın yanına gələn bacılarını da evə buraxmayıb. O, baldızları gələndə Mehman evdə yoxdur deyərək onları mənzilə buraxmayıb.
Ailə münaqişələrindən yorulan Mehman da içkiyə qurşanır. Hər gün evə sərxoş gələrək sevgilisi ilə dava edir.
Mehman Yelinanı ona xəyanət etməsində ittiham edərək hər gün döyüb və söyüb.
Hadisədən 4 gün əvvəl də Mehman Yelinanı yeməyi gec verdiyi üçün oxlovla döyərək onun bel nahiyəsindən xəsarətlər yetirib.
Hadisə günü Mehman evə gecə saat 12-də sərxoş vəziyyətdə gəlib. Yelina ona qapını açanda mənzilə daxil olan Vazehi elə dəhlizdəcə uzanaraq yatıb.
Yelina ərini yataq otağına aparmaq istəyəndə onun şalvarını islatdığını görüb. Mehmanı palazın üstünə qoyaraq onu mətbəxə sürüyüb.
Səhər saat 6 radələrində yuxudan ayılan Mehman arvadından yemək hazırlamağı tələb edib və tum qabıqları olan kasanı Yelinanın başına vurub. Mehman hər dəfə vuranda arvadını fahişəlikdə ittiham edib.
Yelina ərindən qışqırmamağı xahiş edəndə Mehman ona söyərək əlini mətbəxdə olan bıçağa atıb.
Mehman bıçaqla Yelinanı vurmaq istəyəndə qadın bıçağı onun əlindən alıb. Bundan sonra Mehman bıçağı Yelinadan almaq istəyib. Çəkişmə zamanı bıçaq Yelinada qalıb. Ərinin ona hücum etdiyini görəndə Şıxəliyeva bıçağı onun sinəsindən sancıb.
Ərinin qan içində yerə yıxıldığını görən Yelina onun paltarlarını çıxararaq yaranı yodlayıb. Sonra Mehmana təmiz paltarlar geyindirib onu taxta uzadıb.
Şıxəliyeva Mehmanın qanlı paltarlarını yuyandan sonra anasına zəng edib.
Mehmanı bıçaqladığını deyəndə anası da təcili yardıma zəng etməsini tapşırıb.
İkinci mərtəbədə yaşayan ev sahibinin mənzilinə gedən Yelina ondan Mehmanın yıxılaraq zədələndiyini və təcili yardım çağırmasını xahiş edib.
Həkimlər 15 dəqiqə sonra çağırılan ünvanda olublar. Yaralını müayinə edəndən sonra həkimlər onun öldüyünü bildiriblər. Yaranın səbəbini Yelinadan soruşanda o, Mehmanın yıxılaraq xəsarət aldığını bildirib.
Hadisə yerindən həkimlər polisə zəng edərək fakt barədə məlumat veriblər.
Həkimlər mərhumun bıçaq zərbəsindən ölməsini polislərə deyiblər. Polis və prokurorluq əməkdaşları gələndə Yelina Şıxəliyeva törətdiyi cinayəti etiraf edib.
Etdiyi etiraf əsasında da şübhəli şəxs qismində saxlanılan Yelina Şıxəliyeva prokurorluğa gətirilib.
İşin istintaqını aparan Sumqayıt şəhər prokurorluğu onun əməlini Cinayət Məcəlləsini 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirərək cinayət işini məhkəməyə göndərib.
Məhkəmədə ifadə verən Yelina Şıxəliyeva əməlini qismən etiraf edib. O, hakimlərə bildirib ki, əri daima onu fahişəliklə məşğul olmaqda günahlandırıb və onu döyərək bədən xəsarətləri yetirib. Hadisə günü də bıçağı ona öldürmək məqsədi ilə vurmayıb.
Məhkəmədə zərərçəkən qismində ifadə verən Mehman Vazehinin bacıları Yelinanın pis gəlin olduğunu deyiblər. Onlar qardaşlarının Yelinadan evlənəndən sonra gününün qara olduğunu bildiriblər.
Bütün tərəfləri dinləyən məhkəmə Yelina Şıxəliyevanı qəsdən adam öldürmədə təqsirli bilib.
Məhkəmənin hökmü ilə Yelina Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.