"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıblar.
Daxili İşlər Nazirliyinin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin İqor Kartavıx və Yevgeni Belousov olduqları ehtimal edilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məhz bu iki şəxsin telefonlarına zəng çatmır.
Qeyd edək ki, İqor Kartavıx habın yeni direktorudur. O bu vəzifədə qalmaqallı Vitali Denisovu əvəz edib.
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən "Sputnik Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, "Sputnik Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Lakin "Sputnik Azərbaycan" redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.