Sankt-Peterburqda tanışlarını oğurlayaraq ondan 300 min dollar pul tələb etmiş iki azərbaycanlı - Eyyub Məmmədov və Rəşid Rəşidov məhkəmə qarşısındadırlar. Bununla yanaşı, onlar qanunsuz silah dövriyyəsində də ittiham olunurlar.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin Peterburq üzrə baş idarəsi məlumat yayıb.
Cinayət işi üzrə materiallardan məlum olur ki, şübhəli şəxslər ötən ilin sentyabrında tanışlarını oğurlayıb onu Primorski prospektində evlərdən birində saxlayıblar. Onlar tanışlarının azad olunması üçün 300 min ABŞ dolları tələb ediblər. 2014-cü ilin oktyabrın 10-da şübhəli şəxslər saxlanılıb, zərər çəkmiş şəxs isə azad edilib. Axtarış zamanı Məmmədovdan PM pistoleti patronlar və səsboğucu ilə birgə müsadirə edilib.
Hazırda istintaq materialları aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərilib.