Azərbaycanın Müdafiə Nazirliyinin dələduzluqda ittiham olunan və İrkutsk vilayətində gizlənən keçmiş əməkdaşı dünən Moskvanın “Domodedovo” hava limanında saxlanılıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Rusiya DİN-nin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, 1965-ci il təvəllüdlü şübhəli şəxs 2010-cu ildə Azərbaycanın Müdafiə Nazirliyinin vəzifəli şəxsinin xidməti vəziyyətindən istifadə edərək, ödəniş sənədlərini saxtalaşdırıb. Onun hərəkətləri nəticəsində 125 min dollar ziyanın dəydiyi bildirilir.
İstintaqın məlumatına görə, 2011-ci ildə kişi saxta sənədlərlə Rusiyaya gələrək, İrkutsk vilayətində Xudoyelanskoe kəndində fəhlə kimi işə başlayıb. Polislər onun şəxsiyyətini müəyyənləşdirsələr də, şübhəli şəxs bundan xəbər tutub və Rusiyanı tərk etməyə çalışıb.
“Operativ kanallarla müəyyənləşdirilib ki, axtarışda olan şəxs Rusiyanı tərk etməyə çalışaraq, Moskvada eniş etmək şərtilə təyyarəyə minib. İrkutsk İnterpolunun əməkdaşları Rusiya DİN-nin “Domodedovo” hava limanındakı (Moskva) idarəsindən olan əməkdaşları ilə təcili əlaqə saxlayıblar. Nəticədə şübhəli şəxs saxlanılaraq, istintaq təcridxanasına yerləşdirilib” – deyə, İdarənin məlumatında bildirilir.