Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhər məhkəməsinin Azərbaycan Respublikası vətəndaşı A.M. Həsənliyə qarşı açılmış cinayət işi üzrə 2015-ci il 11 fevral tarixli hökmü qanuni qüvvəyə minib.
Oxu.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Həsənli Rusiya Federasiyası Cinayət Məcəlləsinin m.127.2, b.2, “a,q,d” (iki nəfərə qarşı hədə qorxu gələrək qul əməyindən istifadə, zərərçəkənlərin şəxsiyyətini təsdiqləyən sənədlərin əlindən alınması), eləcə də RF CM m.159, b.4 (vətəndaşın yaşayış yerindən məhrum olması ilə nəticələnən yalan yolu ilə başqasının əmlakının qarəti) üzrə günahkar bilinib.
Məhkəmə iclasında Həsənlinin öz rifahını yaxşılaşdırmaq məqsədi ilə qohumları və yaxınları olmayan tənha, daimi gəlir mənbəyi olmayan, mürəkkəb həyat şəraitində olan insanların əməyindən təmənnasız istifadə etdiyi müəyyən edilib. Bu məqsədlə o, zərərçəkənlərin sənədlərini alaraq, onlara fiziki zorakılıq göstərəcəyi ilə hədələyərək öz yaşadığı yerdə saxlayıb.
Bundan başqa o, zərərçəkənlərdən birinin yeganə yaşayış yerindən fırıldaqçılıq yolu ilə məhrum olmasına səbəb olub.
Vilayət prokurorluğunun məlumatına əsasən törətdiyi əməllərə görə Həsənliyə cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məhkəmənin çıxarışı ilə razılaşmayan məhkum Murmansk vilayət məhkəməsinə vəsatət verib, amma gətirdiyi dəlillər qənaətbəxş hesab edilməyib və Murmansk vilayətinin Monçeqorsk şəhər məhkəməsinin qərarı dəyişilməyib.