Rusiya polisi Moskva ətrafı Lobnedə satıcı qadının qızıl boyunbağısını və mağazadan kassa aparatını götürən beş kişidən üçünü saxlayıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, keçən şənbə günü polis idarəsinə daxil olan məlumata görə, Bukinsk şossesi ev2/1 ünvanında yerləşən mağazaya beş nəfər maskalı naməlum şəxs daxil olub satıcını bıçaq və tapança ilə hədələyərək, qadına məxsus qızıl boyunbağını və 70 min rubl olan kassa aparatını götürüblər. Sonra isə “Mitsubishi” markalı avtomobillə hadisə yerindən qaçaraq gizlənməyə çalışıblar.
Hadisə yerinə gələn polislər onlara tərəf beş nəfər maskalı şəxsin qaçdığını görüblər. Maskalılardan biri polislərə tərəf tapança tuşlayıb.
“Polis haqqında” qanuna əsasən polis əməkdaşı təhlükəsiz istiqamətdə iki xəbərdarlıq atəşi açıb.
Nəticədə hadisə yerində üç Azərbaycan vətəndaşı saxlanılıb.
Cinayət Məcəlləsinin “Qarət” maddəsi üzrə cinayət işi açılıb.
Saxlanılan şəxslərin maşınında polislər külüng və iki lom aşkar ediblər.
Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Tabel silahının tətbiqinə dair xidməti araşdırma gedir.