Perm əyalətində iki 16 yaşlı Krasnokamsk sakininə qarşı irəli sürülmüş iddialar təsdiq edilib, onlar milli nifrət motivi əsasında cinayətlərin törədilməsində ittiham edilirlər.
Oxu.Az xəbər verir ki, cinayət işinin araşdırılmasının gedişatı barədə Perm əyalətinin prokurorluğunun mətbuat xidməti məlumat verir, Prm.ru bildirib.
Prokurorluğun məlumatına görə, 2014-cü ilin əvvəlində yeniyetmələr bıçaqlarla silahlanaraq Krasnokamskda mühacirlərə hücum ediblər. Onların hərəkətlərindən Özbəkistan, Azərbaycan, Başqırdıstan vətəndaşları və dayaq-hərəkət sistemi zədələnmiş təqaüdçü – yerli sakin zərər çəkiblər. Zərərçəkənlərdən biri aldığı bıçaq yaraları nəticəsində Perm əyalət xəstəxanasında həlak olub.
Doqquzuncu sinif şagirdləri olan bu yeniyetmələrin hərəkətlərinin əsas səbəbi sosial şəbəkələrdə milli nifrət və düşmənçilik ideyalarının yayılması olub.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 m. 2 b. “l” (milli nifrət və düşmənçilik zəminində qətlə yetirmə), 111 m. 2 b. “e”, 3 b. “a” (“ öncədən əlbir olaraq bir qrup şəxs tərəfindən milli nifrət və düşmənçilik zəminində bilərəkdən sağlamlığa zərər yetirmə”), 30 m. 3 b., 105 m. 2 b. “a,j,l” (“bir qrup şəxs tərəfindən milli nifrət və düşmənçilik zəminində qətlə cəhd”) maddələri ilə cinayət işi açılıb.
Cinayət işinin materialları məhkəməyə göndərilib.