Rusiyada azərbaycanlını qətlə yetiriblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Krasnoyarsk vilayəti üzrə Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən Tuva Respublikasının 22 yaşlı sakininə qarşı cinayət işi açılıb.
İlkin istintaqa görə 46 yaşlı Azərbaycan əsilli biznesmen Şuşensk qəsəbəsində yerli xanım sakinin ona borclu olduğu 40 min rublu almaq üçün Şuşensk rayonuna gəlib. Qadın evdə olmayıb. O, sanatoriyaya dincəlməyə gedib.
Evinə və üç uşağına isə baxmağı Tuvadan çağırdığı qardaşlarına həvalə edibmiş.
İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib.
Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar.
Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb. Qatil ifadəsində cinayətini etiraf edib.
Hal-hazırda şübhəli bilinən şəxs saxlanılıb, tərcüməçinin köməyi ilə dindirilir. Cinayət işinin istintaqı davam edir.