Rusiyalı kriptobiznesmen Roman Novak və onun həyat yoldaşı Anna Novakın vəhşicəsinə öldürülməsinin arxasında Rusiya və BƏƏ hüdudlarından kənarda sifarişçilərin dayandığı iddia edilir.
Oxu.Az 78.ru-ya istinadən xəbər verir ki, Sankt-Peterburq prokurorluğu ehtimal olunan icraçılardan biri - 47 yaşlı Yuri Şarıpova qarşı ittihamnaməni təsdiqləyib.
O, muzdla iki nəfəri qəsdən öldürməkdə, xüsusilə külli miqdarda quldurluqda və qanunsuz narkotik saxlamaqda təqsirləndirilir. Hadisədə şübhəli bilinən Vladimir Dalyokin məhkəməyədək vəfat edib, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı Konstantin Şaxtaya qarşı istintaq isə davam edir.
Nəşrin məlumatına görə, icraçılar cinayətə bir neçə ay hazırlaşıb, zəhərlə sınaqlar keçirib, böyük bir şəbəkə cəlb edib və izləri itirmək üçün qətldən sonra malikanədə əyləncə gecəsi keçiriblər. Şarıpov, Şaxt və Dalyokin mütəmadi olaraq Rusiya ilə BƏƏ arasında səfərlər ediblər, mesencerlərdə müxtəlif qətl üsullarını müzakirə ediblər. Hətta iştirakçılardan ikisi videobağlantı ilə onlara görünüşlərini dəyişməyi öyrədən qrim ustası tutublar.
Onlar 2025-ci ilin iyulunda Leninqrad vilayətində qeyri-adi sınaq keçiriblər. Novakın zəhərlənmə ehtimalını yoxlamaq üçün donuza kəskin təsir edən narkotik maddə veriblər. Heyvan sağ qalıb və bu variant uğursuz hesab edilib. Həmçinin bədbəxt hadisənin səhnələşdirilməsi belə nəzərdən keçirilib.
Yekun olaraq, cinayətkarlar cütlüyü BƏƏ-nin Hatta şəhəri yaxınlığındakı villaya cəlb etmək, Romanın kriptopulqablarına giriş əldə etmək, onları öldürmək və cəsədləri səhrada əvvəlcədən qazılmış çuxurda gizlətmək qərarına gəliblər. Planın həyata keçirilməsi üçün əsl məqsəddən xəbərsiz olan əlavə köməkçilər cəlb edilib. Onların vasitəsilə iki villa və avtomobillər icarəyə götürülüb, bıçaqlar alınıb və ölkəyə qadağan olunmuş elektroşok cihazı gətirilib. Malikanənin kimsəsiz görünməməsi üçün girişdə məşhur brendə məxsus qırmızı ayaqqabı qoyulub. Köməkçilərdən biri istintaqı çaşdırmaq üçün telefonu CAR-ın Keyptaun şəhərinə aparıb. Ayrı-ayrı tapşırıqlara əsasən, şəxslərə təxminən 10 min dollar ödənilib.
Cütlük ölüm tələsinə necə salındı
2 oktyabr 2025-ci ildə Roman və Anna ehtimal olunan investorlarla görüşə yollanıblar. Biznesmenə bildirilib ki, böyük bir sponsor onun "Fintopia" layihəsindən çıxıb və gələcək maliyyələşdirməni təcili müzakirə etmək lazımdır. Əvvəlcə sürücü cütlüyü dayanacağa gətirib, orada onlar özünü Boris kimi təqdim edən şəxsin avtomobilinə əyləşiblər. Bu şəxs Konstantin Şaxt olub. O, cütlüyü icarəyə götürülmüş villaya aparıb, orada isə onları investorlar əvəzinə cinayət ortaqları gözləyib. Romana elektroşokla zərbə endirilib, Anna isə döyülüb. Daha sonra cütlük bağlanılıb və kriptopulqabılarının parollarını tələb edərək onlara saatlarla işgəncə verilib.
Şaxt sifarişçi ilə davamlı olaraq əlaqə saxlayıb. İlkin olaraq Novakın pulqabılarının boş olduğu bildirilib. Hesabların bir qismində vəsait olmayıb, lakin biznesmenin digər kriptoaktivləri də var imiş. Nəticədə o, tələb olunan məlumatları cinayətkarlara verib.
Qatillər əvvəlcə yalnız Romanı öldürməyi planlaşdırsalar da, digər insanların da qətlini əvvəlcədən istisna etməyiblər. Yekunda cütlük öldürülüb, cəsədləri isə parçalanaraq səhrada əvvəlcədən qazılmış çuxurda gizlədilib.
Cinayətdən sonra izləri gizlətmək üçün avtomobillərin üzərinə qazlı su tökülərək köməkçilərə verilib. Daha sonra maşınlar tam təmizlənməyə göndərilib. Villada əyləncə gecəsi təşkil edilib, ardınca təmizlik xidməti sifariş olunub. İcraçıların özləri isə müxtəlif marşrutlarla Rusiyaya qayıdıblar.
Bundan əlavə, Annanın qohumlarına onun telefonundan cütlüyün Dubaydan qaçaraq Omanda olduqlarını iddia edən mesajlar göndərilib. Lakin yaxınları qeyri-adi yazışma tərzi səbəbindən aldadıldıqlarından şübhələniblər. Əşyaları toplamaq xahişi ilə mesajlar hələ oktyabrın 2-dən gəlməyə başlamışdı.
Qətli kim sifariş edib və icraçılara nə qədər ödənilib
78.ru-nun məlumatına əsasən, icraçılar və ehtimal olunan sifarişçilər arasında birbaşa əlaqələndirici şəxs Şaxt olub. Qətli törətmək təklifi məhz ona 2025-ci ilin iyulunda edilib. Əvvəlcə cinayətə görə ona bir milyon dollar vəd olunub.
Şaxt öz növbəsində Dalyokini cəlb edən köhnə tanışı Şarıpova müraciət edib. O, vəd edilmiş mükafatın bir hissəsini ortaqları ilə bölüşməli idi.
Jurnalistlər yazışmalarda "Humanoid", "Brut" və "Spartak" təxəllüsləri ilə iştirak edən üç sirli sifarişçiyə xüsusi diqqət yetirirlər. Nəşr sonuncunu əməliyyatın ehtimal olunan əsas təşkilatçısı sayır. Məlumata görə, bəzi qətl üsullarını, o cümlədən donuzla zəhərlənmə sınağını məhz o təklif edib.
Şaxt həmçinin materiallarda "Rian" kimi qeyd olunan vasitəçi ilə də ünsiyyət qurub. Nəşrin məlumatına görə, onların görüşü Tailandda baş tutub. Təxəllüslərin arxasında gizlənən şəxslərin kimliyi rəsmi olaraq müəyyənləşdirilməyib və onların ehtimal olunan rolu hələlik istintaqın predmeti olaraq qalır.
Bildirilir ki, Şaxta bir milyon dollar, Şarıpov və Dalyokinin hər birinə isə 125 min dollar ödəmək vəd olunub. Nəşr iddia edir ki, Şarıpov yekunda 10 milyon rubldan çox pul əldə edib.
Qətldən sonra cinayətkarlar kriptopulqabılarından təxminən 4 milyon rubl, həmçinin cütlüyün ümumi dəyəri 20 milyon rubldan çox olan qızıl saat, smartfon və digər qiymətli əşyalarını ələ keçiriblər.
İstintaqın məlumatına görə, işdə nəqliyyat, daşınmaz əmlak icarəsi və izlərin gizlədilməsinə kömək edən şəxslər də iştirak edib. İddia olunur ki, onlardan bəziləri əməliyyatın əsl məqsədi barədə məlumatsız olub.
Beləliklə, istintaq hüquq-mühafizə orqanlarını ehtimal olunan təşkilatçılar və vasitəçilərdən ibarət bütöv bir şəbəkəyə çıxarıb. 78.ru-nun məlumatına əsasən, istintaqa icraçılar və sifarişçilər arasında əlaqələndirici rolunu oynayan şəxsin adı məlumdur, lakin onun yeri hələlik müəyyənləşdirilməyib. Onun xaricdə gizləndiyi ehtimal olunur.