Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında
Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qənbərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri – Şaiq Mirzəyev və Rəşad Abdıyev məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı vəsatət qaldıraraq bildiriblər ki, Cahangir Qənbərovun göndərdiyi bütün pullar banklar vasitəsilə köçürmə yolu ilə olub.
Vəkillər fərdi sahibkar olan və işdə əsas zərərçəkmiş kimi tanınan Əhməd Mütəllimovun külli miqdarda milli valyutanın qanunsuz ölkədən çıxarılmasında birbaşa vasitəçi olduğunu vurğulayaraq buna görə də Cahangir Qənbərovun özünün zərərçəkən kimi tanınması ilə bağlı da məhkəməyə vəsatət təqdim ediblər.
Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkillərinin vəsatətlərini əsassız hesab edərək təmin etməyib. Daha sonra prokuror Ziya Mansurov ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib.
Qeyd edək ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri, fərdi sahibkarlıqla məşğul olan – Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pulunu mənimsəyib. Bununla yanaşı, təqsirləndirilən şəxsin ümümilikdə 10 milyon manatadək vəsaiti mənimsədiyi iddia olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (xüsüsilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha ətraflı Baku TV-nin materialında: