Bu gün İstanbulun Bəkirköy rayon məhkəməsi azərbaycanlı “kriminal avtoritet”lər - Hacı Beyləqanski kimi tanınan 35 yaşlı Talıbxanlı Hacıbaba Tahir oğluna və Zaur Sumqayitski kimi tanınan 30 yaşlı Zaur İsayevə bəraət qazandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a kriminal dairələrə yaxın olan mənbə bildirib.
Adıçəkilən şəxslər daha öncə kriminal avtoritet Rövşən Caniyevin (Lənkəranskinin) bu ilin avqust ayının 18-də İstanbulun Barbarossa bulvarında qətlə yetirilməsi faktı üzrə saxlanılmışdılar.
Qətldən dərhal sonra Talıbxanlı, İsayev və Lənkəranskinin iki yaxın adamı da daxil olmaqla dörd nəfər saxlanılıb. Bir müddət sonra onların hamısı azadlığa buraxıldı, belə ki, onların Caniyevin qətlinə aidiyyəti olmadığı üzə çıxıb.
Buna baxmayaraq, bir neçə gün sonra Hacı Beyləqanski və Zaur Sumqayitski, kriminal dairələrdə Qoca Yasamalski kimi tanınan Əlibala Həmidovun aradan götürülməsinə aidiyyətli olmaqda şübhəli bilinərək yenidən saxlanılıblar. Sonuncu 2013-cü ilin avqustunda İstanbulda qətlə yetirilib. Amma bu gün məhkəmə Talıbxanlı və İsayevə bəraət qazandırıb.
Həmidova hücumda “kriminal avtoritet” Səbri Hüseynov adlı birinin ittiham edildiyi barədə məlumat var. Amma Moskvada “Yo-moyo” restoranının sahibi, 45 yaşlı Səbri Ağcabədinski Həmidovun qətlindən bir ay sonra qətlə yetirilib. Killerlər azərbaycanlını onun restoranının yanında gözləyirdilər.
Sentyabrın 18-də sahibkar həmişəki kimi öz restoranına yola düşüb, amma içəri girməyi çatdırmayıb. Onu girişdə gözləyən iki nəfər atəş açıb, sonradan beş dəfə atəş açıldığı məlum olub. Hüseynovun qətlinin üstü hələ açılmayıb.
E.Ə.
www.oxu.az