Ucar sakini avtomobili polislərin üzərinə sürüb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, sosial şəbəkələrdə Ucar rayonu ərazisində rayonun Qaracallı kənd sakinləri ilə polis əməkdaşlarının mübahisə etmələrini əks etdirən görüntülər paylaşılıb. Fevralın 16-da gecə saatlarında Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman hərəkətdə olan “Mercedes-Benz Vito” markalı nəqliyyat vasitəsinin sürücüsünə işıq cihazlarında texniki nasazlıq olduğuna görə saxla əmri veriblər.
Polis əməkdaşları onlara təhkim olunmuş bort-kompüter vasitəsilə nəqliyyat vasitəsinin sənədlərini yoxlayan zaman avtomobilin sürücüsünə törətdiyi bir neçə qayda pozuntusuna görə tətbiq edilən cərimələrin ödənilmədiyini və nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edildiyini müəyyən ediblər.
