Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə tanınmış müğənni, Əməkdar artist Vasif Məhərrəmli zərərçəkmiş qismində ifadə verib.
Müğənni bildirib ki, M. Mahmudov ona xəbər göndərib:
“Deyirdi ki, niyə şəhid ailələrinə baş çəkmirsən? Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və orda yaşlı qadın saxlayıram. Mən ona dedim ki almışam, öz işimdir. Soruşdum ki, bu informasiya səndə hardandır? Dedi ki, mənə bir xanım məlumat verib. Dedi ki, öyrənib xanımın adını mənə deyəcək. Səhəri gün Maqsud Mahmudov canlı efirdə heç nə demədi. Bizim münasibətimiz yarandı. Mən ona dəfələrlə dedim ki, kimlərinsə küyü ilə efirdə məlumatlar danışmasın. Mən bunu ona tövsiyə etdim”.
Əməkdar artist deyib ki, bir müddət sonra M. Mahmudov müğənni Cavanşir Məmmədovla bağlı danışmağa başlayıb:
“Mən Maqsuda təklif etdim ki, belə şayiələr yaymasın. Bir müddət Maqsud sakit oturdu. Bir müddətdən sonra müğənni Manaf Ağayevlə bağlı danışmağa başladı. Maqsud ancaq şou-biznes əhlini söyməklə məşğul idi. O, Manaf Ağayev və Afət Fərmanqızından pul istədi. Onlar pul vermədi. Amma mən 1000 manat pul verdim. Maqsudu şəxsən görməmişəm. Pulu başqa bir şəxsə verdim. İndi mənim pulumu qaytarmayıb. Tələbim odur ki, mənim min manatını versə, yaxşı olar”.
Təqsirləndirilən Maqsud Mahmudov zərərçəkənin ifadəsi ilə bağlı bildirib ki, Vasif Məhərrəmli zəng edib və danışıb:
“Vasif Məhərrəmli mənə dedi ki, onları niyə söyürsən? Mən də dedim ki, öz işimdir. Vasif dedi ki, onlar mənim qohumlarımdı. Bir gün mənim uşaqlarımın şəklini internetdə paylaşdı və bildirdilər ki, vətən xaini uşaqlarıdır. Mən Afəti söydüm efirdə. Vasif məni Afətlə calaşdırdı. Afətdən soruşdum ki, mənim uşaqlarımın şəklini niyə yaymısan? O da dedi ki, bir saata silinəcək. Həqiqətən də bir saata silindi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Manaf Ağayevlə Vasif Məhərrəmlinin İlham adlı dostunun ona 30 min manat borcu olub:
“Mən Manafla Vasifə dedim ki, o adam mənim pulumu qaytarsın. Vasif dedi ki, mən ona deyərəm. Dedim ki, pulumu 3 min, 3 min qaytarsın. Vasif zəng elədi onunla danışdı və mənə bildirdi ki, pulu başqa adama vermişəm. Vasif dedi ki, biz Manafla adama 500 manat verərik sənə. Mən dedim ki, mənə elə pul lazım deyil. Vasif dedi ki, mən sənə qardaş payı verirəm”.
Vasif Məhərrəmli bildirib ki, Maqsud yalan danışır: “Maqsud mənə dedi ki Manafı axşam söküb-yığacağam. Mən də Manafa dedim ki, Maqsud belə deyir. Manaf dedi ki, mən niyə ona pul verməliyəm? Mən heç nə demədən pulu göndərdim”.
Proses davam edir.
15:44
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində müğənni Vasif Məhərrəmli dindirilib.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.