Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vətəndaşları aldadaraq bahalı mənzillər və maşınlar alan “İmam Mehdi” saxlanılıb - VİDEO
Bir qrup şəxs Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirdiyini bildiriblər.
DİN-dən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib. Topladığı maddi vəsaitlərin onun vasitəsi ilə kasıb insanlara paylanıldığı təəssüratını yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzəranını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri baş idarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
"DİN" teqi üzrə xəbərlər
- 27 yaşlı oğlan arvadının şəkillərini başqa kişiyə göndərdiyini görüb ona XƏSARƏT YETİRDİ
- Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi bərpa edilib
- Bakıda iranlı narkotik tədarükçüsü ifşa olunub
- Erməni hərbi cinayətkarların işi Zeynal Ağayevin icraatına verilib
- Pirotexniki vasitələrin səyyar satışı ilə məşğul olan şəxs saxlanıldı
Rəylər