ABŞ-ın Ohayo ştatında 70 il nikahda olan ərlə arvad bir sutka ərzində, bir-birindən 15 saat fərqlə dünyalarını dəyişiblər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, 92 yaşlı Xelen Felumli aprelin 12-də, onun əri 91 yaşlı Kennet səhərisi günü ölüb. Hər ikisinin ölümünə qocalıqları səbəb olub.
“Biz bilirdik ki, onlardan biri ölən kimi ardınca o biri də gedəcək. Biz də istəyirdik ki, onlar məhz belə ölsünlər”, - cütlüyün qızı Linda Kodi deyib. Bu cütlüyün 8 uşağı, 23 nəvəsi və 43 nəticəsi var.
Xelen və Kennet yeniyetmə yaşında tanış olublar və 1944-cü ildə evləniblər. Xelen evdar qadın olub, əri isə dəmir yolunda işləyib, sonra poçtalyon olub. Felumlilər pensiyaları ilə bütün ştatları avtobusla gəziblər.
Dünyalarını dəyişən pensiyaçıların qohumları deyiblər ki, ərlə arvad həmişə ayaqda olublar, hər gün səhər birgə yemək yeyiblər və demək olar ki, heç vaxt ayrı-ayrı yataqda yatmayıblar. Yalnız Xelen son bir neçə ildə ayağı amputasiya olunan ərinin çarpayısının yanındakı divanda yatıb.