ADA Universitetinin (Azərbaycan Diplomatik Akademiyası) tələbələri sosial çarx hazırlayıblar.
Sosial çarx hazırlayan Kazdal`s6 komandası Oxu.Az-a bildirib ki, layihənin yaradılmasında məqsəd ölkəmizdə sosial problemi həll etmək və ya bu problemin həllinə mümkün yardımı göstərməkdir.
Tələbə komandası geniş istifadə edilən nəqliyyat növü metroya diqqət çəkib.
“Vətəndaşların diqqətini çəkmək istədiyimiz problem, metroda pozulan davranış qaydaları, daha dəqiq eskalatordan istifadədir.
Normalara müvafiq olaraq, metroda eskalatordan istifadə zamanı sərnişinlər sağ tərəfdə dayanmalıdırlar, sol tərəfi isə piyadaların keçidi üçün boş saxlamalıdırlar. Amma heyif ki, bizim ölkədə bu qayda tez-tez pozulur. Eskalator istifadəçiləri xaotik vəziyyətdə dururlar. Təbii ki, insanların çoxluq təşkil etdiyi pik-saatlarda qarışıqlıq ola bilər, amma bu adi vaxtda da baş verir.
Bu qayda pozuntusunun sayını azaltmaq üçün biz video təqdim edirik, burada insanlar qaydaya riayət etməyin onları əhatə edən insanlara necə müsbət təsir edə biləcəyini müşahidə edə bilərlər”, - komandanın məlumatında deyilir.
Elvin Əhmədov
www.oxu.az