Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Amazon" 20 ildən sonra loqosunu yenilədi
"Amazon" son 20 ildə ilk dəfə olaraq böyük dizayn dəyişikliklərinə gedərək korporativ loqosunu yeniləyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Dezeen" portalı yayıb.
Bildirilir ki, yenilənmiş üslub beynəlxalq "Koto" dizayn studiyası və "Amazon"un daxili dizayn komandası tərəfindən hazırlanıb. Məqsəd brendi daha emosional, daha parlaq şəkildə təqdim etmək və 50-dən çox subbrend üçün vizual uyğunluq yaratmaqdır.
Əvvəllər loqoda əsas vurğu ox işarəsinə edilirdisə, indi diqqət "Amazon"un gülümsəyən xəttinə yönəlib. Bu element müştəri məmnuniyyəti və sadəlik prinsiplərini ön plana çıxarır.
Yeni korporativ şrift - "Amazon Logo Sans" adlanır və "Amazon Smile", "Echo", "Cash", "Jobs" kimi alt brendlərdə istifadə ediləcək. Bundan əlavə, "Kindle" ilə əlaqəli "Ember" şriftinə də kiçik dəyişikliklər edilib.
Eyni zamanda, rəng palitrası parlaqlaşdırılıb, ikonalar vahid sistem altında birləşdirilib. "Prime", "Alexa", "Amazon Grocery" və "One Medical" kimi əsas xidmətlərə xüsusi diqqət yetirilib.
Şirkət bildirir ki, bu dəyişikliklər "Amazon"un tanınan görünüşünü qoruyaraq, eyni zamanda, gələcək hədəflərinə uyğunlaşdırılmış daha müasir vizual kimlik təqdim edir.