“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 8.7 km olan Babək prospektinin yenidən qurulması işlərini davam etdirir.
Agentlikdən Oxu.Az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır.
Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunur və 15 200 kv.m sahədə yeniləri tikilir, mövcud yol ayrıcı da sökülərək yenidən qurulur. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradır. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilir. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülür.
Yolun hərəkət hissəsi bərpa olan ərazilərə isə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Belə ki, prospektin 323 609 kv.m sahəsinə üç qat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Ümumilikdə yenidənqurma işlərinin 2018-ci ilin II yarımilinədək yekunlaşdırılması nəzərdə tutulub.
E.Ə.
www.oxu.az