Amyotrofiklateral skleroz xəstələrinə yardım etmək üçün icebucketchallenge adlı aksiyaya qatılmış 40 yaşlı britaniyalı başına buzlu su tökərkən boyun nahiyəsindən ciddi xəsarət alıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, təqdim olunan videoda 40 yaşlı Amanda Devinin anasının onun başına buzlu su tökdüyü görünür.
Bundan sonra qadın dəhşətli səslə qışqıraraq evə qaçır. Heç kim onun buzlu sudan bu qədər qorxacağını gözləmirdi. Tez evə qaçan britaniyalı giriş qapısında yerə yıxılır. Videonu çəkən yaxınları isə bunu gülüşlə qarşılayır və qadının əslində ölümün bir addımlığında olduğunu dərk etmirlər.
Amanda Devi huşunu itirir. Özünə gəldikdən sonra qadın çətinliklə danışdığını və başını güclə tərpətdiyini hiss edir. Tezliklə boyun nahiyəsindəki dəri qatı bənövşəyi-qara çalar almağa başlayır, qadın dəhşətlə boynunu sındırdığını anlayır.
Hazırda “buzlu su aksiyasının” qurbanı xəstəxanada müalicə alır.
“Yəqin kənardan mənim yıxılmağım gülməli görünür və mən özüm də gülmək istərdim... Amma videodan mənim nə qədər ağrı çəkdiyimi anlamaq olmur”, - deyə, Amanda Devi bildirib.