Hollandiyanın kreativ agentliyi Just “99 Days Of Freedom” adlı proqrama başlayıb, bu proqramın çərçivəsində Facebook istifadəçilərinin bəziləri sosial şəbəkədən 99 gün ərzində istifadə etməyəcəklər.
Oxu.Az Lookatme-ə istinadən xəbər verir ki, müddət başa çatdıqdan sonra tədqiqatçılar Facebook-un insanın xoşbəxtlik səviyyəsinə nə dərəcədə təsir göstərdiyini müəyyən edəcəklər.
İnsanlar eksperiment xətrinə Facebook-dan 99 gün müddətində istifadə etməkdən imtina ediblər. Şəkil №1.
Daha öncə Just tədqiqatları göstərib ki, istifadəçi Facebook-da gün ərzində orta hesabla 17 dəqiqə zaman keçirir. Bu o deməkdir ki, “99 Days Of Freedom” iştirakçılarının 28 saat boş saatları olacaq. Bununla yanaşı layihə rəhbərləri iddia edirlər ki, müddət təsadüfi seçilməyib. Bu müddət ərzində sınaq istifadəçiləri təngə gətirməyəcək, tədqiqatçılar isə lazımi məlumatı əldə edəcəklər.
“Facebook inanılmaz platformadır və biz hesab edirik ki, o sevgiyə layiqdir. Amma biz, həmçinin hesab edirik ki, sosial şəbəkəyə girişdə müəyyən məhdudiyyət olmasının emosional vəziyyətə xeyri olduğu açıq-aydın görünür. Biz sınağın çoxlu sayda müsbət emosiya gətirəcəyini düşünürük, və 99 gündən sonra nəzəriyyəmizin doğru olub-olmamasını biləcəyik”- Just art-direktoru Merlin Stratxof deyib.
İştirak üçün layihənin saytında qeydiyyatdan keçmək, Facebook profilinizdə “99 Days Of Freedom” avatarını qoymaq, sosial şəbəkədən istifadədən imtina etmək və həyatdan zövq almaq lazımdır.