Facebook istifadəçilərini smartfon və planşetlərdə Facebook Mesenger-in köməyi ilə yazışmağa məcbur etmək üçün ciddi tədbirlərə əl atmağı qərara aldı. Yaxın günlərdə sosial şəbəkə öz əsas mobil müştərisindən çat funksiyasını götürəcək.
Oxu.Az TechCrunch-a istinadən xəbər verir ki, bir müddət öncə sistemində Messenger yüklənmiş, Facebook istifadəçiləri, çat bölməsinə keçmək istəyən zaman avtomatik olaraq xüsusi Messenger bölməsinə “yönləndirilirdilər”.
Amma tezliklə İOS və ya Android mobil cihazlardan dostları ilə yazışmaq istəyən istifadəçilərin Facebook Mesengeri yükləməkdən başqa çarələri qalmayacaq. TechCrunch yazır ki, buna bənzər bildirişləri artıq bəzi Avropa ölkələrində Facebook istifadəçiləri almağa başlayıb. Sosial şəbəkəyə keçid üçün onlara iki həftə verilir, bu zaman ərzində dostları ilə yazışmaya davam etmək üçün, Messenger yükləmək lazım olduğu barədə daha bir neçə bildiriş alacaqlar.
Nəşr qeyd edir ki, Messengerin əsas yazışma mənbəyi ediləcəyi haqqında Mark Zukerberq hələ noyabrda danışırdı. Doğrudur, o zaman istifadəçilərin yeni çata keçirilməsinin icbari olacağı barədə heç bir söz deyilməmişdi. Zukerberqin fikrinə görə çat üçün xüsusi imkanlar sosial şəbəkə istifadəçilərinin fəallaşmasına yol açıb. Məhz buna görə Facebook radikal addımlar atmağı qərara alıb.