Yeni implantasiya edilən qurğu iflic olmuş meymunların gəzməsinə kömək edib. Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri tərəfindən hazırlanmış bu qurğu iki makakanın baş-beyninə implantasiya olunub.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, əməliyyatdan altı gün sonra meymunlardan birində hərəkət qabiliyyəti bərpa edilib. Yeni qurğu iki hissədən – baş-beyində yerləşən sensordan və onurğa beynində sinir sonluqlarının stimulyatorundan ibarətdir. İmplantasiyanı həyata keçirən Qreqori Kurtinin rəhbərlik etdiyi alimlər bundan əvvəlki eksperimenti siçovullar üzərində aparıblar.
Beyin qabığının hərəki nahiyəsində yerləşdirilən sensor baş-beynin əzələ sonluqlarına göndərdiyi siqnalları qeydə alıb. Qurğu məlumatı kompüterə, sonuncu isə stimulyatora ötürüb. Stimulyator hərəkətlə bağlı sinirlərə təsir edərək əzələləri fəallaşdırıb və nəticədə meymunlar gəzməyə başlayıblar. Bu zaman məşq və təlimə ehtiyac olmayıb.
Alimlərin fikrincə, insanların uyğunlaşması üçün müəyyən vaxt lazım olacaq. Habelə yeni üsul iflic olmuş insanların tam sağalmasına kömək etməyəcək, çox güman ki, onların hərəkət qabiliyyətini yaxşılaşdıracaq.
A.S.
www.oxu.az