Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı - FOTO
NASA-ya məxsus Ayın orbital peyki Yerin təbii peykinin səthində Hindistanın “Vikram” aparatının qalıqlarını aşkarlayıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Kosmik Agentliyin saytında xəbər yayılıb.
NASA özünün “Twitter” hesabında dərc etdiyi fotoda aparatın müxtəlif qalıqlarını mavi və yaşıl rənglərlə işarələyib.
“Bizim Ay missiyası “Çandryan-2” layihəsinin “Vikram” eniş aparatını müəyyənləşdirib. Qarşınızda sərt eniş ərazisindən izlər var”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hindistanın “Vikram” eniş modulu sentyabrın 7-də Ayın cənub qütbündə eniş etməli idi. Lakin enişə bir neçə dəqiqə qalmış İdarəetmə Mərkəzi onunla rabitəni itirib. Nəticədə, məlum oldu ki, aparat hədəf trayektorniyasından yayınaraq Ayın səthinə çırpılıb.
“Vikram” Ayın səthinə çəkisi 27 kiloqram olan altı təkərli “Praqyan” roveri çatdırmalı idi. Ehtimal olunurdu ki, rover orda bir Ay günü fəaliyyət göstərərək səthin mineral və element tərkibini öyrənəcək, həmçinin, yerli seysmik aktivliyi qeydə alacaq.
Tamamilə Hindistan istehsalı olan “Çandryan-2” layihəsinin dəyəri 125 milyon dollar qiymətləndirilirdi. Uğur əldə olunacağı təqdirdə Hindistan Yerin təbii peykinə yumşaq eniş edə bilmiş SSRİ, ABŞ və Çindən sonra dördüncü ölkə olacaqdı.