Braziliyanın yığma futbol komandası tərkibində iki dəfə çempion olmuş 38 yaşlı braziliyalı hücumçu Ronaldo ABŞ-da futbolçu karyerasını bərpa edə bilər. Bu barədə Braziliyanın Estadão saytı məlumat verib. Ronaldonun şərik olduğu Amerikanın Fort Lauderdale Strikers klubunda çıxış edəcəyi gözlənilir. Bu barədə Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Mən komandanın formalaşmasında, həmçinin klubun inkişaf etməsinə kömək edəcək aksiyalarda fəal iştirak edəcəm. Əminliklə deyə bilərəm ki, ABŞ-da futbol yüksəliş dövrünü yaşayır”, keçmiş futbolçu deyib.
Braziliya futbolunun əfsanəsi olan Ronaldo tarixin ən yaxşı oyunçularından biridir. O, ikiqat dünya çempionu, FİFA versiyasına görə ən yaxşı futbolçu mükafatının üçqat sahibidir, “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və 2011-ci ildə karyerasını başa vurduğu “Korintians” klublarında çıxış edib. O həmçinin Braziliyanın 2014-cü ildə futbol üzrə çempionata hazırlığı üzrə təşkilat komitəsinin üzvü olub.