“Yaşasın San-Fermin! San-Ferminə eşq olsun!” – meriyanın eyvanından əmr verildi, havaya fişəng atıldı və ispan şəhəri Navarrada şərab yağışı altında sonsuz fiesta – ənənəvi San-Fermin bayramı başladı.
Hər il iyul ayının 6-dan 14-ə qədər Pamplona “fieasta” sözünün hər küçədə, hər döngədə hiss edildiyi şəhərə çevrilir. Bu günlərdə Pamplona və Navarrada Müqəddəs Ferminin şərəfinə bayram qeyd edilir. Ənənəyə görə San-Fermin şərab çəkənlərin və çörəkçilərin müdafiəçisi hesab edilir, bu isə şəhərlilər üçün bu günlərdə Pamplonanı bayrama bürüməyə səbəb olur. Hər şey bayram tədbirlərinin açıq elan edilməsini bildirən, meriyanın eyvanından atılan fişəngdən başlayır.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu məşhur “çupinaso” adlanan fişəngi atmaq Qırmızı Xaçın yerli şöbəsinin rəhbərinə qismət olub. Bu hərəkat 150 illiyini qeyd edir.
San-Fermin bayramını bir həftə qeyd edirlər. Bu gün Pamplonanın yerli sakinləri və turistlər mahnı və rəqslərlə bu günü qeyd edəcəklər, sabahdan isə Hemenqueyin də qələminə tuş gəlmiş “ensero” – cəsarətli adamların dar küçələrdə öküzlərlə qaçışı baş tutacaq. Axşam isə bu öküzlər İspaniyanın tanınmış toreadorları ilə arenaya çıxacaqlar.
Pamplonalılar San-Fermini artıq səkkiz əsrdir ki, qeyd edirlər. 36 il ərzində bu bayramlarda Ernest Hemenquey iştirak edib.
Amma festivalı sevməyənlər də var. Bayramlar ərəfəsində yüzdən artıq fəal ölüm maskası taxaraq Pamplona meydanlarından birində toplaşırlar. Onlar sonda öküzlərin öldürüldüyü qaçışa və döyüşlərə etiraz edirlər.