Belarusun hüquq-mühafizə orqanları ölkə vətəndaşından World of Tanks oyununda virtual tankın “qaçırılmasına” görə cinayət işinə başlayıblar.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, cinayət işi Belarus CM-in 2-ci hissəsinin 349-cu maddəsi (kompüter məlumatına icazəsiz müdaxilə) əsasında qaldırılıb.
“Brest vilayətində bu, son iki ildə virtual tankın qaçırılması üzrə üçüncü faktdır. Cinayət işi isə ilk dəfədir ki, qaldırırlır”, - deyə, Belarusun Brest vilayətinin Daxili İşlər İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İrina Bloxina bildirib.
Onun sözlərinə görə, milisə 30 yaşlı Prujan (Brest vilayəti) sakini müraciət edib. O, World of Tanks oyunundakı virtual akkauntuna daxil ola bilmədiyini görüb. Kişi bildirib ki, öz virtual İS-8 tankının alınması üçün təkcə döyüşlərdə xeyli vaxt sərf etməyib, həm də 1,2 milyon belarus rublu (130 dollara yaxın) pul xərcləyib.
Milis rəsmisinin sözlərinə görə, yüksək texnologiyalar sahəsində cinayətlərin araşdırılması üzrə şöbənin əməkdaşları oyunun istehsalçıları ilə əlaqə saxlayıblar. Onlar tankın hazırda da döyüşdüyünü aydınlaşdırıblar. Tankı isə Rusiyanın Moskva vilayətindən olan şəxs idarə edirmiş. Həmin şəxsin akkauntu bloka salınıb və indi tank qanuni sahibinə qaytarılacağı vaxtı gözləyir, deyə Bloxina vurğulayıb.
Cinayət işinin qaldırıldığı maddə cərimə yaxud müəyyən vəzifələri tutmaq hüququndan məhrum olunma, müəyyən fəaliyyətlə məşğul olmağa qadağa, və ya üç aydan 6 ayadək həbs, iki ilədək azadlığın məhdudlaşdırılması, yaxud həmin müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.