Ötən ilin noyabrında “Dəli” ləqəbli Mayk Hyus meydana çıxdı. O hesab edirdi ki, Yer düzdür və əldəqayırma raketlə göyə uça bilər.
Bu fikirlər bütün dünyaya yayıldı və Dəli Maykın adı dillər əzbəri oldu. Hətta planlaşdırılmış uçuşun icazə səbəbindən həyata keçirilməməsinə baxmayaraq, Mayk təslim olmadı.
61 yaşlı limuzin sürücüsü üzərində “Hamar Yeri araşdırın” yazısı olan qırmızı əldəqayırma raketi ilə mübarizəsini davam etdirirdi.
Dəli Mayk dediyinə əməl etdi və martın 24-də o, istəyinə nail oldu.
Yerin düz olduğuna inanan şəxslə söhbət - VİDEO
Artıq yeri görürdüm. Başa düşdüm ki, bu, zarafat deyil. Görürdüm ki, yerdəki insanlar mənə necə əl edir. Çox sürətlə hərəkət edirdim və əlimdəki radioəlaqə vasitəsilə çox sürətlə endiyimi bildirdim. Dostlarım isə bunun normal olduğunu dedilər. İkinci paraşütdən istifadə etmək qərarına gəldim. araşüt Paraşüt yerə düşməyimə 2 saniyə qalmış açıldı.
- Sizin enişiniz çox sərt oldu, indi necəsiniz?
- Yerlə ilk təmasda kürəyi üstə yerə dəydim. Bel nahiyəsində kəskin ağrılar hiss etdim. Belim iki dəfə sınıb və heç vaxt belə ağrı hiss etməmişəm. Elə bilirdim ki, belimi sındırmışam.
İndi yaxşıyam. Bir az istirahətə ehtiyacım var. Az hərəkət etməliyəm. O qədər çox hərəkət edirdim ki, gündəlik bir neçə dəfə uçuş yerinə gedib-gəlirdim, bir də məhkəmədə olurdum. Həyatım hələ qarşıdadır. Burada dörd pişiyimlə birlikdə öz evimdə yaşayıram.
- Sizi öz həyatınızla rus ruleti oyununu oynamağa nə vadar edirdi?
- Bilirsiniz, mən indi planetin ən dəlisov adamıyam.
- Bəli, məncə də, belədir.
- Düşünürəm ki, indi məni ciddiyə alacaqlar və kosmosa uçmağa hazırlaşıram ki, bütün milyarderləri “səfeh” çıxarım. İlon Mask, Ceff Bezos, mən bu uşaqlar üçün özəl uçuş təşkil edəcəm. Ola bilsin ki, bu, 2018-ci ildə baş versin.
- Kosmosdan söhbət düşmüşkən, Siz Yerin hamar olduğuna inanırsınız. Daha dəqiq desək, nəyə inanırsınız?
- Hesab edirəm ki, Yer hərəkətsizdir, amma başa düşmək lazımdır ki, yeddi il ateist olmuşam. Sadəcə, hər şeyin yalan olduğunu hesab edirdim: bütün müharibələr, heç bir hökumət yoxdur, dünyanı korporasiya idarə edir, hər şey yalandır.
Hər kəs hamıya yalan danışır. Sonra Yerin hamar olduğunu öyrəndim və dedim: “Bəli, bu məntiqlidir”. Çünki Bibliyada da Yerin hamar olduğu deyilir. Sonra düşündüm: “Təyyarələr Yer kürəsi ətrafında uça bilməz, sualtı qayıqlar da suda üzə bilməz. Bütün dünyanın şəklini çəkmək mümkün olmaz, körpüləri, yolları saldıqda isə Yer haqqında unudurlar.
- Sizin fikrinizcə, Yer necədir?
- Bilmirəm! Bunun cavabını tapmamışam. Mən ekspert deyiləm. Sadəcə, çərçivədən kənara çıxan və hər şeyə şübhə ilə yanaşan oğlanam.
- Siz dediniz ki, kosmosa uçmaq istəyirsiniz. Burada əsas məqsəd Yerin hamar olduğunu sübut etməkdir?
- Bəli! Bizə cavab lazımdır, ancaq hər hansı dövlət kosmik agentliyinin cavabını qəbul etməyəcəyəm. Rusiya, ABŞ, Çin – bunlar vecimə deyil. Mən oraya uçacağam və özüm baxacağam. Özümlə kamera da götürəcəyəm. Yol boyu olanları ona danışacağam. Uçuş üç saat çəkəcək.
- Əgər siz kosmosa uçanda Yerin şar formasında olduğunu görsəniz, nə düşünərsiniz?
- Heç bir hədəfim yoxdur. Sadəcə, həqiqəti bilmək istəyirəm. Əgər mən bunun şar formasında olduğunu görsəm, sizə də deyəcəyəm. Niyə də yox?
- Gənc nəslə nə məsləhətiniz var?
- Hər şeyə şübhə edin, tənqidi yanaşın. Şaxta babaya, Pasxa dovşanına, nəyə istəsəniz, inana bilərsiniz, bu, mənim vecimə deyil. Sadəcə, maraqlanın ki, bu fikirlər haradan yaranıb.
Bundan başqa, əksər insanlar arzularının arxasınca getməkdən qorxurlar. İnsanlar təhlükəsizlik, sığorta, təqaüd planı istəyir. Təhlükəsizlik mövcud deyil. Hazırkı vaxt var – sabah və ya gələn həftə yoxdur. Elə düşünün ki, sizin yalnız bu gününüz var.
Ancaq ən vacibi odur ki, sadəcə, insanlarla yaxşı davranın.
Bu məqalə VİCE CA portalında dərc olunub.
Tərcümə: Samir İsayev
www.oxu.az