Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” “Kapital Bank”ın sponsorluğu ilə fevral ayının 20-dən etibarən “Mosfilm”in 90 illiyinə həsr olunmuş film həftəsinə start verir.
Oxu.Az xəbər verir ki, kinoteatr bununla bağlı fevral ayının 20-də “28 Cinema”da media nümayəndələri üçün mətbuat konfransı və açılış mərasimi keçirəcək.
Tədbirdə mədəniyyət və ictimai xadimlərlə yanaşı, kinoteatrın və “Mosfilm”in nümayəndələri, Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin, tədbirdə iştirak etmək üçün xüsusi olaraq dəvət olunmuş “Oskar” mükafatı laureatçısı, Rusiyanın Xalq artisti Vladimir Menşov iştirak edəcək.
“Mosfilm həftəsi” fevral ayının 20-dən 25-dək davam edəcək və gün ərzində üç seansda “Uğur Centlmenləri”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Moskva göz yaşlarına inanmır” kimi sovet kinematoqrafiyasının inciləri nümayiş etdiriləcək.
Qeyd edək ki, 1924-cü ildə yaradılan “Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Bura demək olar ki, Rusiyanın bütün kino, tele və video məhsulları aiddir. Studiya il ərzində 100-dən artıq film istehsal etmək gücünə malikdir və kinoların əksəriyyəti “Mosfilm”in studiyalarında hazırlanır.
Azərbaycanın “28 Cinema” kinoteatrı isə “Platinum Movie Suites” zalı daxil olmaqla 6 zaldan ibarətdir. Kinoteatrda nümayiş olunan filmləri Enhanced 4K müasir texnologiyasına əsaslanan, 3D Xpand texnologiyalı eynəklər vasitəsilə ilə də izləmək mümkündür.
Festival və festivalın proqramı haqqında ətraflı məlumatı www.28cinema.az saytının “Festival” bölümündən və ya kinoteatrın https://www.facebook.com/28Cinema səhifəsindən əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, kinoteatrda “Mosfilm həftəsi” ərzində filmlərin nümayişləri pulsuz olacaq. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.
Aytən Sadıqzadə
www.oxu.az