Dekabr ayının 18-də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin” adlı xeyriyyə aksiyası keçirilib.
Bu barədə Oxu.Az-a muzeyin mətbuat katibi Fuad Rəsul məlumat verib.
Xeyriyyə sərgisini açıq elan edən muzey direktoru Röya Tağıyeva qeyd edib ki, sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova çıxış edərək bu cür nəcib, xeyirxah bir tədbirin ərsəyə gəlməsinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya və “Sehrli Aləm” Cəmiyyətinə təşəkkürünü bildirərək, muzey direktorunu Assosiasiyasının “Fəxri Fərman”ı ilə təltif edib.
“Xeyr deməyin, xeyir eləyin” adlı aksiyada “Sehrli Aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, moldovalı, əslən qaqauz türkü olan Kirçu Yekaterina tərəfindən hazırlanmış “Yeni il aksesuarları”nın sərgisi və satışı həyata keçirilib. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, Yenil il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləyib.
Xeyriyyə aksiyası ilə yanaşı Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə Azərbaycan Xalça Muzeyinin “Uşaq Muzeyi” şöbəsinin təqdimatında “Tariximiz naxışlarda” (milli geyim növlərində, məişət əşyalarında xalça elementlərinin təsvirinin rənglənməsi və məlumatlandırılması), ”Bir ilmə də sən vur” (kiçik hanalarda palaz və kilimin keçirtmə yolu ilə öyrədilməsi texnologiyasının nümayişi), “Mənim Xalçam” (İri monitorlarda naxışlar vasitəsi ilə xalça kompozisiyasının yaradılması), “Gəlin öyrənək” (Hazırlanmış ornament təsvirlərinin rənglənməsi) adlı uşaq proqramları da təqdim olunub.
Qeyd edək ki, xeyriyyə aksiyası 19 və 20 dekabr tarixlərində saat 10:00-dan 20:00-dək davam edəcək.
Aytən Sadıqzadə
www.oxu.az