Bir müddət əvvəl Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbərinin müavini vəzifəsindən qalmaqallı şəkildə qovulan Konstantin Likarçuk öz rəisi, milliyətcə azərbaycanlı Roman Nəsirova qarşı ittiham irəli sürərək, onun Londonda mənzilə sahib olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində Likarçuk özü yazıb və bildirib ki, onun əlində dövlət reyestrindən çıxarış var.
O, yazdığı statusa reyesterin surətini də əlavə edib. Sənəddə qeyd olunur ki, Nəsirovun Londonda mənzili var.
Likarçukun məlumatına görə, Nəsirov bu əmlakı Ukraynada təqdim etdiyi gəlirlər haqqında bəyannaməyə daxil etməyib. Sənəddə 2015-ci il tarixi göstərilir. Mənzili isə Nəsirov 2007-ci ildə alıb.
“İndi tez-tez məndən soruşurlar ki, Nəsirov tərəfindən rüşvətxorluqda əsassız şəkildə ittiham edildiyim üçün məhkəmədə ona qarşı şərəf və ləyaqətimin qorunması üçün iddia qaldırmağa hazırlaşırammı? Cavab verirəm: ola bilər ki, belə bir iddia qaldırım, amma Nəsirovun yaşadığı ünvan üzrə Londonda (mənzil 5,3 Laymharbor, London [Flat 5, 3 Limeharbour], Е14 9LS).
Yeri gəlmişkən mənzil Nəsirov tərəfindən bəyannaməyə daxil edilməyib, buna müvafiq olaraq o, Ukraynanın “Hakimiyyətin təmizlənməsinə” dair qanunun m.3.b.8 üzrə lüstrasiya altına düşür. Bu isə o deməkdir ki, Nəsirov 10 il müddətində dövlət orqanlarında vəzifə tuta bilməz”, - Likarçuk yazıb.
O, Nəsirovun daha bir vətəndaşlığı olmasına işarə edib.
“Bu yaxınlarda “qəhrəmanımızın” daha bir vətəndaşlığı, kassiri Romanenkonun isə Baltikyanıda bank hesabları meydana çıxsa, təəccüblənməyin”, - Likarçuk yazıb.
Xatırladaq ki, sentyabrın 7-də Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin rəhbərinin müavini Konstantin Likarçuku tutduğu vəzifədən azad edib.